Türkmənistanda ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yaymaqda şübhəli bilinən üç nəfər saxlanılıb.
İyulun 25-də Türkmənistanda güc strukturları Q.Berdiməhəmmədovun ölməsi və ya səhhətinin pisləşməsi barədə yayılan şayiələrlə mübarizə aparmaq məqsədi ilə fəal işə başlayıb.
Bu çərçivədə Lebap vilayətində üç nəfər tutulub. Onlar ölkədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən şayiələrin yayılmasında ittiham edilirlər.
Saxlanılanlar “Türkməntelekom”un Lebap şöbəsinin əməkdaşı, Su Təsərrüfatı idarəsinin işçisi və yerli Mənzil Kommunal Təsərrüfatının qadın işçisidir.
Bundan başqa, Mədəniyyət Nazirliyinə əks təbliğat aparmaq üçün tapşırıq verilib.
Qeyd edək ki, Q.Berdiməhəmmədovun ölümü ilə bağlı informasiya iyulun 20-də yayılıb. İyulun 25-dək prezident ictimaiyyət arasında görünməyib və o həmin tarixdə televiziyaya çıxıb.