ÇıxışYolu.Com - Bill Qeytsin tutduğu oruc

ÇıxışYolu.Com – Bill Qeytsin tutduğu oruc

Baxış sayı: 3. 171 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bill Qeytsin tutduğu oruc

Qan Turalı yazır…

Bu gün Ramazan ayının 1-dir. Milyonlarla insan əsrlərdir bu ibadəti yerinə yetirirlər. Oruc forma baxımından fərqlənsə də, az qala bütün dinlərdə mövcuddur. Və onun dərin fəlsəfi mənası vardır.

Lakin insanlar bir çox hallarda olduğu kimi, orucun mahiyyəti haqqında düşünmür, sadəcə, tüpürcəyin orucu pozub-pozmaması barədə suallar verirlər. Yaşantıları da eynən o cürdür, formal, solğun və səthi…

Bu kontekstdə Üzeyir bəyin bir felyetonu yadıma düşür: “Oruclu ikən bir dəfə çaşıb yemək yedim, bir dəfə də özümü çaşqınlığa vurub yedim”. İnsanlar sanki müqəddəs kitabların “hər şeyi görən” kimi təsvir edilən Tanrısını aldatmağa çalışırlar.

Oruc tutmağın əsas məqsədlərindən biri varlıların da kasıbların halından anlamasıdır. Yəni varlı bir adam oruc tutaraq kasıbın aclıq zamanı nələr çəkdiyini anlayacaq və bununla da onun dərdinə şərik olacaq. Bu mənada, oruc empatiya hissinin güclənməsinə xidmət edir.

İnsanlar min illərdir varlılara və kasıblara bölünüblər, ötüb keçən bu qədər ictimai dəyişikliklər, inqilablar belə bu maddi uçurumu, gəlirlərdə qeyri-bərabərliyi aradan qaldıra bilmədi.

Statistikaya müraciət edək:

Dünyanın ən varlı 1000 adamının sərvəti dünyanın ən kasıb 2.5 milyard insanın sərvətindən iki dəfə çoxdur. Ya da başqa bir məqam… Dünya əhalinin ən varlı 20 faizi istehsal olunan məhsulların 90 faizini istehlak edir. Ən kasıb 20 faizin payına isə cəmi bir faiz düşür. Başqa cür desək, varlıların 20 faizi 90 faiz malı yeyir, kasıbların 20 faizi isə 1 faizi…

Bu dərin uçurumun çözülməsi, əlbəttə ki, bəşəriyyətin qarşısında mühüm problem kimi dayanır.

Dinlərin məqsədi və məramı bəllidir. Ən vacib məqsəd və məram isə yoxsulluğun ləğvidir ki, bunun üçün də varlı insanlarda mərhəmət oyatmaq və onların nəzərlərini yoxsulluq probleminə yönəltməkdir. Bu yoxsulların böyük hissəsi elə İslam ölkələrində yaşayır.

Bəli, hər il Ramazan olur, kasıblar üçün iftar süfrələri açılır, ərzaq paylanır və Ramazan bitdikdən sonra kasıblar yenə öz kasıbçılıqlarında qalırlar. Əlbəttə ki, kasıblıq ciddi sosial layihələr və islahatlarla ləğv olunmalıdır, yoxsa bir qab yemək sədəqəsi ilə yox…

İslam dini tamamilə formal şəkildə qavranılır. Bir tədqiqatçının da dediyi ki, müsəlmanlar oruc tutmurlar, sadəcə, ac qalırlar. Yoxsullara qayğı göstərmək, onların rifah halını yüksəltmək hələ lap qədimlərdən insanların idealı olub. Lakin heç bir din bu idealları gerçəkləşdirə bilmədi. Nümunə üçün başqa bir nümunə gətirək.

Bill Qeyts… Modern dünyanın qurucularından biri. Yaratdığı “Microsoft” firması ilə dünyanın simasını dəyişdirdi. Misal üçün, bu məqaləni yazdığım Vörd proqramını onun şirkəti istehsal edib.

Bill Qeyts sərvətinin yarısını, başqa sözlə desəm, 28 milyardını xeyriyyə məqsədi ilə xərcləyib. Afrikada milyonlarla uşağı öz pulu ilə peyvənd etdirib, içməli suyu olmayan yerlərə su çəkdirib. Və onun beş milyondan çox insanın həyatını xilas etdiyi deyilir.

Xeyriyyə işlərinə ayırdığı nəhəng büdcəyə görə o, artıq dünyanın ən varlı adamı deyil. Əlbəttə, bu, Bill Qeyts üçün heç vacib bir şey də deyil. Kimsə deyə bilər ki, pulu var, xərcləyir də… Amma ərəb ölkələrini xatırlayın, yoxsulluqları, məhrumiyyətləri, bir tərəfdən sərvət içində üzən rəhmsiz “Altunlar dünya”sının ağalarını, digər tərəfdən, bir tikə çörəyə, peyvəndə möhtac, miqrant kimi xaricə üz tutanları…

İndi belə bir tablo qarşısında oruc tutan kimdir, tutmayan kimdir? Dinin əxlaqi mesajlarını öz həyati idealına çevirən kimdir?

Yazını Əli Şəriətinin məşhur fikri ilə bitirirəm:

“Biz müsəlmanlar uşaqlarımızı da götürüb Ramazan ayında bizdən kilometrlərlə uzaq yerlərə getsək, o kasıb adamların süfrəsində otursaq, onlarla eyni loxmanı yeyib eyni evdə gecələsək, bax, o zaman həqiqi qardaşlığın nə olduğunu başa düşərik. Bunu etmiriksə, biz oruc tutmuruq, sadəcə, yeməyimizin vaxtını dəyişirik”.