ÇıxışYolu.Com - Bilmədiyi elmlərin professoru

ÇıxışYolu.Com – Bilmədiyi elmlərin professoru

Baxış sayı: 3. 062 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bilmədiyi elmlərin professoru

Kəramət Böyükçöl yazır…

Tanınmış el ağsaqqalı, həkim Rəşid Mahmudovun çıxışlarına hərdən qulaq asır və aydınca hiss edirəm ki, cəmiyyət onun timsalında özünə yeni ziyalı tapıb. Rəşid müəllim əsəbi bir kişidir, həmişə çığıra-çığıra, qızara-qızara danışır, birdən isə lap coşur və görürsən ki, cəmiyyətin damarını tuta bilir. Əminəm ki, bunları qəsdən etmir, sadəcə, xarakteri belədir. Vətənpərvər, milli-mənəvi dəyərlərə malik el ağsaqqalı tipli bir imic yaradıb və beləcə, özünü camaatın sevimlisinə çevirib. Nuş olsun.

Mən isə istər-istəməz fikirləşir və təxmin edirəm ki, Rəşid müəllimin çıxışlarına böyük həyəcan və maraqla qulaq asan cəmiyyət kimlərdən ibarət ola bilər? Ən primitiv həqiqətlərə belə möhtac kütlə! Məsələn, Rəşid kişi efirdə qəfil qışqıra-qışqıra kiməsə deyə bilər ki, əsgərlərimiz səhərə kimi yatmayıb vətənimizin keşiyini çəkir, sən də burada dizi cırıq şalvarda gəzirsən. Hamı da əl çalar ki, kişi düz deyir. Yaxud Rəşid müəllim efirdə hansısa xanım müğənniyə uca səslə deyə bilər ki, ay qızım, o, nə paltardır geyinmisən, hər yerin görünür, ayıb deyilmi, axı sən Azərbaycan qadınısan… Yerdən bir alqış qopacaq ki, gəl görəsən. Xalqımı tanımırammı?

Baxırsan ki, efir gedir, Rəşid həkim danışır. Təxminən bu cür sözlər deyir:

“Əziz camaatım, broyler toyuğu yeməyin, vallah, onları iynə vurub şişirdiblər, çalışın qarnınızı təbii şeylərlə doyurun, kənd çolpası, kənd yumurtası yeyin. Evlənəndə də kənd qızı alın. Kənd qızları namuslu, qeyrətli olurlar. Atanızın, ananızın qədrini bilin, öləndən sonra başınıza-güzünüzə döyəcəksiniz ki, mən o vaxt niyə elə elədim, niyə belə elədim”.

Orta məktəb təhsili olmayan bibilər, xalalar, əmilər, dayılar da deyəcək ki, kişi düz deyir, nəyi səhv danışır ki?

Halbuki Rəşid Mahmudovun bütün yanaşmaları naftalin iyi verir, çünki köhnə düşüncə, köhnə təfəkkür adamıdır, mahiyyət etibarilə o bibilərin, o xalaların, əmilərin, dayıların professor variantıdır. Və ən dəhşətlisi bilirsiniz nədir? Cəmiyyət o qədər müti, o qədər qorxaqdır ki, bir balaca ucadan danışanı dərhal özünə ziyalı seçir.

Aydındır ki, Azərbaycanda ciddi ziyalı problemi var, insanların bir el ağsaqqalını özünə ziyalı seçməsi isə, əlbəttə ki, çarəsizlikdən doğan bir məsələdir, yəni olmayan yerdən bu da qənimətdir. Başdan ayağa pafos, primitiv fikirlərlə özünü məşhurlaşdıran Rəşid müəllim eyni ağılla, eyni məntiqlə, eyni dərrakə ilə elmə də iddialıdır, təkamül nəzəriyyəsindən də danışır. Deyir, Darvindir-nədir, onu o yana qoyun, mənə “Quran”dan danışın.

Bəs Rəşid müəllim necə ziyalıdır ki, Azərbaycan ədəbi dil normalarını bilmir. Məsələn, efirdə “yenə” sözünə “gənə” deyir. Ləhcədə danışır. Bu heç, bəs o, necə ziyalıdır ki, deyir, savadlı adam ateist ola bilməz! Bunu dünyanın harasında dilinə gətirsən, adama şaqqanaq çəkib gülərlər. Necə ziyalıdır ki, Allahın varlığını camaata ən primitiv üsullarla izah etməyə çalışır? Məsələn, deyir, stolu insan yaradıb, bəs Günəşi kim yaradıb? Ziyalı efirdə camaata belə sual verər? Axı bu cür düşüncə bizim savadsız, orta məktəbi qurtarmayan, adi məişət qayğıları ilə yaşayan əyalət adamlarının məntiqidir, ziyalı məntiqi deyil. Bu cür sualları kənddə qoyunun qırağında adamlar bir-birinə verir, cavab da tapa bilməyib, axırda dizlərini yerə qoyur, əllərini göyə qaldırırlar.

Rəşid müəllim danışır, iki dəqiqədən bir də deyir, ayə, bunu mən demirəm e, o boyda “Quran”da yazılıf. Deyir, mən Allahdan qorxuram. Qorxmaq? Gülümsədim. Ziyalı da Allahdan qorxarmı? Bir də görürsən, verilişdə qarşısındakı adama qışqıra-qışqıra “ə” deyə müraciət edir. Elə bil çayxanadadır. Hirslənir ki, niyə efirlərdə cinsi azlıqların problemini müzakirə edirsiniz? Deyir, ayə, qurvan olum, başına dönüm, ayıfdı axı, cinsi azlıqlardan danışmaq bizə yaraşmaz!

Tez-tez deyirlər ki, Rəşid müəllim cəsarətlidir. Sosial problemlərdən danışmaq, deputatları-zadı tənqid eləmək, pensiyaların azlığını dilə gətirmək nə vaxtdan cəsarət hesab olunub? Hadi Rəcəbliyə cavab vermək cəsarətdirmi? Onsuz da bütün gün deputatlar ağına-bozuna baxmadan tənqid olunur.

Rəşid Mahmudov əyalət təfəkkürlü ağsaqqal kişidir, babadır, qoy nə qədər danışır-danışsın, haqqıdır. Ancaq bilmədiyi elmlərin professoru Rəşid müəllim hamının bildiyi həqiqətləri bir az uca səslə dilə gətirib camaatın hörmətini, sevgisini qazansa da, qurbanınız olum, ziyalı belə olmur. Rəşid müəllimi yaxşı elçiliyə-zada aparmaq olar. Deyim ki, onu əvvəlcədən danışıq olmadan birbaşa elçiliyə də aparmaq olmaz, gedib işi poza bilər. Birinci qızın və valideynlərinin razılığını almaq, sonra formal olaraq Rəşid müəllimi aparmaq lazımdır ki, bir stəkan çay içib, bir-iki maraqlı əhvalat danışsın, şirin söhbətlər eləsin, əhval-ruhiyyəmizi yüksəltsin, vəssalam!

Sonda isə Allahdan Rəşid Mahmudova uzun ömür, can sağlığı diləyir, onu ziyalı kimi qəbul edən insanlara isə puldan başqa heç nə arzulamıram.