ÇıxışYolu.Com - Bir vaxtlar milyonçunun yaşadığı evin məşhur bağı acınacaqlı halda

ÇıxışYolu.Com – Bir vaxtlar milyonçunun yaşadığı evin məşhur bağı acınacaqlı halda

Baxış sayı: 2. 200 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bir vaxtlar milyonçunun yaşadığı evin məşhur bağı acınacaqlı halda

Sosial şəbəkədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun ərazisindəki bağın baxımsız vəziyyətdə olması ilə bağlı məlumat paylaşılıb.

Məlumatda bağdakı tikililərin uçuq-sökük olması, hovuzun təmizlənməməsindən və s. şikayət edilir.

Məsələ ilə bağlı ÇıxışYolu.Com-ın əməkdaşı İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva ilə əlaqə saxlayıb.

T.Zeyvəliyeva bildirib ki, bağın ərazisi hər gün təmizlənir:

“Təəssüflər olsun ki, vətəndaşlarımızın bəzilərinin hələ də təmizliyə riayət etmə mədəniyyəti yoxdur. Haradasa natəmizlik, ağacın budağının sındığını gördükdə dərhal həmin problemi aradan qaldırmağa çalışırıq. Bu kimi şikayətləri çəkib yaymaq əvəzinə, institut əməkdaşlarına bildirsələr, məsələ yerində həllini tapar. 12,5 hektar ərazini daim nəzarətdə saxlamaq çətindir. İnsanlar bura gələndə özləri ilə yemək gətirir. İnstitut ərazisi olduğu üçün buna icazə verilməməlidir. Ancaq biz buna icazə veririk. Lakin bəziləri, ümumiyyətlə, təmizliyə riayət etməyi bacarmırlar”.

Şöbə müdiri şikayətdə qeyd olunan bağdakı hovuzun suyunun təmizlənməməsi məsələsinə də münasibət bildirib:

“Bəzi bitkilər var ki, onlara təmiz su vermək olmaz. Hovuza gələn kanal suyu olduğu üçün çirkli görünür. Ancaq biz bu hovuzdan həmin bitkiləri suvarmaq üçün istifadə edirik”. 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olub. 1966-1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olub. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri Bölməsinə tabe edilib, ona hüquqi status verilib. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adlandırılıb. Hazırda İnstitut Dünya Botanika Bağlarının üzvüdür, 100-dən çox Botanika Bağı ilə qarşılıqlı əməkdaşlıq edir.

Samir İsayev