18 ildir davam edən terrora qarşı müharibə 335 min insanın həyatına son qoyub, ABŞ-a 6,4 trilyon dollar ziyan vurub, ancaq hələ də davam edir.
ABŞ 11 sentyabr hadisələrindən sonra dünyanın müxtəlif nöqtələrində həyata keçirdiyi müharibə və əməliyyatlara 6,4 trilyon dollar pul xərcləyib. Bu rəqəmlər ABŞ-ın Vatson İnstitutu və Braun Universitetinin birgə həyata keçirdiyi “Savaşın xərcləri” layihəsində əks olunub.
Hesabatda qeyd olunur ki, ötən 18 il ərzində ABŞ hakimiyyətinin apardığı hərbi kampaniyalar 800 min insanın həyatına son qoyub, hərbi əməliyyatlar isə gələnilki hərbi büdcə ilə birlikdə 6,4 trilyon dollara yüksəlib. Bunun sadəcə bir trilyon dolları hərbi əməliyyatlara qatılan hərbçilərə ödəmələrdir.
Hesabatda Əfqanıstan, İraq, Suriya, Yəmən və “digər” ölkələrdə aparılan hərbi əməliyyatların adı qeyd olunub. Həmçinin, ölkələrə görə itkilər sıralanıb. Burada ABŞ ordusunun itkiləri, müttəfiqlərin itkiləri (ayrıca), həmçinin, müharibə olan ölkələrin dinc əhalisi, ordu və təhlükəsizlik qüvvələrindən olan itkilər, eləcə də, öldürülən media və humanitar yardım təşkilatı əməkdaşlarının sayı verilib.
Hesabata əsasən, ABŞ ordusunun 11 sentyabrdan sonra dünyada başlatdığı terrorizmə qarşı qlobal savaşda 312-335 min nəfər arası dinc insan həyatını itirib. Bu sırada ən çox itki İraqda olub. 2003-cü ildə ABŞ ordusunun İraqa müdaxiləsindən sonra baş verən müharibə, terror və qarşıdurmalarda ölənlərin sayı 184-207 min nəfər arasında dəyişir.
ABŞ ordusu isə İraqda bu günə qədər 4572 hərbçi itirib. Ümumilikdə, İraq kampaniyası zamanı 277 jurnalist, 63 humanitar yardım təşkilatı əməkdaşı da daxil olmaqla, 276 min nəfər həyatını itirib.
İkinci böyük itki Əfqanıstanda olub. 2001-ci ilin oktyabrında ABŞ ordusunun daxil olduğu Əfqanıstanda bu günə qədər 43074 mülki sakin, eləcə də, 2298 ABŞ əsgəri, 3814 nəfər ABŞ-la müqavilə ilə çalışan şəxs, 1145 müttəfiq ölkə hərbçisi, 64 min əfqan hərbi qulluqçusu, 67 jurnalist və 474 humanitar yardım işçisi olmaqla 157046 nəfər itki qeydə alınıb.
Bundan başqa, Pakistanda 23 min 924 nəfər, Suriyada 49 min, Yəməndə 12 min nəfər ABŞ ordusu əməliyyatları zamanı ölüb. Ümumilikdə isə 18 illik antiterror müharibəsi nəticəsində dünyada 575 min nəfər ölüb.
XXI əsrin ilk ilində baş verən 11 sentyabr hadisəsi əkcə ABŞ üçün deyil, bütün dünya üçün ciddi siyasi-hərbi dəyişikliklər səbəb olub. 2001-ci il sentyabrın 11-də Əl-Qaidə terror təşkilatının ABŞ-da törətdiyi silsilə terror aktlarından sonra rəsmi Vaşinqton dünyada terrora qarşı müharibə elan edib.
ABŞ prezidenti dünyanın 65 ölkəsində mövcud olan Əl-Qaidəyə qarşı savaş elan edib. Bir ay sonra oktyabrın əvvəllərində Pentaqon Əl-Qaidə liderini təhvil verməkdən imtina edən Talibanı cəzalandırmaq üçün Əfqanıstana hərbi müdaxilə edib. 2003-cü ildə isə İraqa hərbi müdaxilə həyata keçirilib və paralel olaraq Pakistan, Yəmən və bir sıra Afrika və Yaxın Şərq ölkələrində antiterror əməliyyatları keçirib.
Ancaq 2011-ci ildə ABŞ ordusu Pakistan ərazisində gizlənən Əl-Qaidə lideri Usama bin Ladeni öldürsə də, terror təşkilatı varlığını davam etdirir. 2011-ci ildə baş verən “ərəb baharı” isə tezliklə Liviya, Yəmən, Suriya və Misirdə terror təşkilatlarının yenidən fəallaşmasına səbəb olub.
İraq və Suriyada isə daha əvvəl Əl-Qaidənin qolu kimi fəaliyyət göstərən İŞİD 2013-cü ildə özünü müstəqil qruplaşma elan edib və əl-Qaidənin Suriya qolu ən-Nusra qruplaşması ilə savaşıb. 2014-cü ildə İŞİD İraqın ikinci böyük şəhəri olan Mosulu ələ keçirərək, “xilafət” elan edib.
Bundan sonra ABŞ İraqda hərbi qüvvələrinin sayını (ABŞ 2011-ci ilin dekabrında İraqda hərbi kampaniyanın başa çatdığını elan edərək ordunu oradan çıxarmışdı – R.Q.) artırmağa, Suriyada hərbi qüvvələr yerləşdirməyə başlayıb. Paralel olaraq Yəmən və Liviyada terror təşkilatlarına qarşı əməliyyatlar aparılıb. Bu əməliyyatlar hələ də davam edir.
İki il əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Yaxın Şərq müharibələrinə yeddi trilyon dollar xərclədiyini və heç bir fayda qazanmadığını bildirmişdi. Ancaq sələflərini hərbi xərclərə görə tənqid edən Tramp fərqli siyasət apara bilmədi. Hətta 2018-ci il dekabrın 19-da iki ay ərzində ordunu Suriyadan çıxaracağını bəyan etsə də, sonradan bu qərarını da icra edə bilmədi.
Doğrudur, Tramp prezidentliyinin üç ilində hər hansı bir yeni savaş başlatmadı, İranla müharibənin bir addımlığında olsa da, müharibə əmri vermədi, amma bununla belə, ABŞ-ın hərbi xərcləri ildən-ilə artır. Baxmayaraq ki, Tramp bu xərclərin bir qismini müttəfiq ölkələrin boynuna qoyur.
18 ildən sonra gəldiyimiz nöqtə ümidverici nəsə demir. Əgər 18 il əvvəl ABŞ dünyada sülhə böyük təhlükə olaraq Əl-Qaidəyə qarşı savaş elan etmişdisə, indi aradan 18 il keçdikdən, 335 min insan öldükdən və 6,4 trilyon xərcləndikdən sonra bu gün Əl-Qaidə ilə yanaşı, İŞİD var, dünyada münaqişə, terror bölgələrinin, qeyri-sabitlik ərazilərinin sayı və coğrafiyası daha da böyüyüb. Müharibə isə davam edir, bitənə heç bənzəmir.
Rəşad Quliyev