ÇıxışYolu.Com - “Bombaltı” bomba kimi düşmədi

ÇıxışYolu.Com – “Bombaltı” bomba kimi düşmədi

Baxış sayı: 5. 315 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Bombaltı” bomba kimi düşmədi

Tanınmış teleaparıcı və aktyor İlkin Həsəninin rəhbəri olduğu “İlk Media” 2015-ci ildən qoyduğu ənənəni davam etdirərək növbəti – beşinci filmini təqdim edib.

ÇıxışYolu.Com-ın əməkdaşı “Bozbash Pictures”in altı baş qəhrəmanının növbəti macərasından bəhs edən “Bombaltı” filminin təqdimatına qatılıb və filmi təhlil edib.

Film “Cinemazadeh” studiyasında səsləndirilib. Rejissoru vaxtilə ATV telekanalında çalışmış Rauf Ocaqverdiyevdir. Bu rejissor ilk dəfə “Bozbash Pictures” qəhrəmanlarının filmini səhnələşdirsə də, ssenari və vizuallıqda oxşarlıqlar var.

Ssenari oxşarlığı 2017-ci ildə Emil Abdullayev tərəfindən çəkilmiş “Stalinin başı” filmindəki kimi, hadisənin mənbəyinin SSRİ dönəminə gedib çıxmasıdır. Orada İosif Stalinə məxsus xəzinənin keçmiş sovet zabiti Koroblyov tərəfindən Gürcüstanın Qori şəhərində gizlədilməsindən bəhs edilirsə, bu filmdə rus zabiti Petyanın bir bombanı Bakıda gizlətməsindən danışılır. Üstəlik, bu dəfə də qəhrəmanlar bombanın şifrəsini tapmaq üçün qonşu Gürcüstana – Batumiyə yola düşməli olurlar.

Vizuallıq baxımından oxşarlıq isə son filmlərdə çəkilən avtomobil yollarında ötmə səhnələrinin yenidən olmasıdır. “Bir xalanın sirri” filmindəki əlbəyaxa döyüş səhnələrini burada da görmək mümkündür. Sadəcə olaraq, bu filmdə həmin döyüş səhnələrində əcnəbi qızlar yox, Qılmanın həyat yoldaşı Qənirə rolunu oynayan Duyğu Dəvəli yer alıb. “Yeni ulduz”dan tanıdığımız gənc aktrisanın döyüş səhnələrində işinin öhdəsindən gəldiyini əminliklə söyləyə bilərik.

Ümumiyyətlə, filmin keyfiyyəti, ssenari ardıcıllığının qorunması kimi amillər burada qorunub və “İlk Media” bununla da yenidən bu sahədə öncüllərdən olduğunu göstərə bilir. Lakin nəzərə alaq ki, film komediya janrındadır və biz “Bozbash Pictures” qəhrəmanlarını məhz yumoristik yöndən tanımışıq.

O zaman döyüş səhnələrinin, treklərin effektinin, hətta Ramil Babayevin (yeri gəlmişkən, bu filmdə ən az yer verilən rol onun oynadığı Şöşü obrazıdır – S.M.) dediyi kimi, filmin “Hollivud səviyyəsində” olmasından çox, məsələnin kökünə – komediya hissəsinə toxunmalıyıq.

Əminliklə deyə bilərəm ki, “Bombaltı”nın komediya səhnələri əvvəlki filmlərdən, xüsusən də mənim üçün “İlk Media”nın pik əsəri sayılan “Bir xalanın sirri” filmindən çox aşağıdır.

Ümumiyyətlə, burda Qılman obrazı bu baxımdan daha irəlidədir. Onun həyat yoldaşı Qənirə ilə dialoqları istisna olmaqla, digər səhnələrdə yumor o qədər də yüksək səviyyədə deyil. 

Bu filmin Batumidən bəhs edildiyini bildirmişdim. Film Mingəçevirdən də bəhs edir. Məhz Petya bombanı Mingəçevir Su Anbarında gizlədir. Bu səbəbdən filmin maraqlı səhnələri bu şəhərdə çəkilib.

Son olaraq, onu qeyd edim ki, filmə sırf doyunca gülmək üçün baxmaq istəyənlər, bəlkə də, bu arzusuna çata bilməyəcək. Ancaq filmə İlkin Həsəninin təbirincə desək, “300 min manat pul xərclənib”. Bu səbəbdən filmdəki peşəkar səhnələri görməyə dəyər…

Səbuhi MUSAYEV