ABŞ-ın Maliyyə Nazirliyi “Evil Copr” haker qrupunu, Rusiyanın altı kompaniyası və 17 nəfəri sanksiya siyahısına salıb. Onlar banklardan 100 milyon dollardan artıq pul oğurlamaqda ittiham olunurlar.
Bu barədə “Daily Mail” xəbər verib.
ABŞ hökumətinin iddiasına görə, “Evil Copr”un lideri Maksim Yakubeç nəinki haker təşkilatının rəhbəridir, həmçinin, rus agentidir.
“Maksim Yakubeç Rusiya hökumətinə birbaşa kömək edir və 2017-ci ildən etibarən Rusiya Federal Təhlükəsizlik Bürosuna işləyib”, – deyə qurumdan bildirilib.
Onun yeri barədə məlumat verənə isə beş milyon dollar mükafat təyin olunub. Beləliklə, o, 2015-ci ildə üç milyon dollar mükafat təyin edilən digər rus haker Yevqeniy Boqaçovun rekordunu qırıb.
32 yaşlı Yakubeç Ukraynada dünyaya gəlib, Rusiya vətəndaşıdır. İnternetdə o, Aqua, Aquama, Carlos və Shluhnet niklərindən (ləqəb) istifadə edib.
Nəşrin məlumatına görə, Yakubeç Rusiyada krallar kimi yaşayır. Onun təkcə öz toyuna 250000 funt sterlinq xərclədiyi deyilir. Bundan başqa “VOR” (“Oğru” –red.) seriya nömrəsi ilə “Lamborghini” idarə edən qrup liderinin ev heyvanı kimi şir və pələng saxladığı vurğulanır.