DİM sədri tələbə qəbulu ilə bağlı bəzi yazılarda açıqlanan tənqidlərə sərt reaksiya verib.
DİM-in saytında dərc olunan “700 bal toplayanlardan ötrü “ah-nalə” adlı yazısında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 700 bal toplayan abituriyentlərlə bağlı statistikanı təqdim edib, və qeyd edib ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil.
“Hökuməti tənqid etməzdən əvvəl heç olmazsa, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün təsdiq olunmuş dövlət sifarişi üzrə proqnozla tanış olun. Dövlət sifarişi üzrə yerlərin sayı bu il ötən illə müqayisədə 12 mindən 20 minədək artıb. Yəni bu il dövlət sifarişi əsasında təhsil almaq imkanını əldə edən abituriyentlərin sayı 8 min nəfər çox olacaq”, – deyə, DİM sədri bildirib.
Onun sözlərinə görə, keçən ilə nisbətən müsabiqə şərtləri də liberallaşdırılıb:
“Bu şərtlər ümumi müsabiqəyə buraxılma şərtlərindən fərqlənmir, keçən ilə nisbətən isə 50-100 bal aşağı salınıb”.