ÇıxışYolu.Com - Cəlilabadda müəllimi vəhşicəsinə döydülər: bir nəfər tutuldu

ÇıxışYolu.Com – Cəlilabadda müəllimi vəhşicəsinə döydülər: bir nəfər tutuldu

Baxış sayı: 3. 204 dəfə baxılıb.

ÇıxışYolu.Com - Cəlilabadda müəllimi vəhşicəsinə döydülər: bir nəfər tutuldu

Daxili İşlər Nazirliyi Cəlilabadda döyülən müəllim ilə bağlı məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ÇıxışYolu.Com-ın sorğusuna cavab olaraq deyib ki, rayonun Uzuntəpə kənd orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib:

“O, müraciətində mayın 16-da axşam radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında rayon polis şöbəsinin istintaq əməliyyat qrupu hadisə yerinə baxış keçirib. Müvafiq ekspertiza təyin olunaraq rəyi alınıb və digər təxirəsalınmaz prosesual hərəkətlər icra olunub. Ekspertiza tərəfindən müəllimə yetirilmiş xəsarətlərin sağlamlığa zərərvurmaya aid olduğu müəyyən edilib”.

Orxan Mansurzadə bəzi KİV-də müəllimin qıza sataşması ilə bağlı yazılanlara aydınlıq gətirib.

O bildirib ki, aşdırma zamanı hər iki tərəfin izahatı alınıb:

“Müəllimin bir qrup şəxs təfindən döyülməsinə səbəb olan yeniyetməyə sataşmaq məsələsi öz təsdiqini tapmayıb. Cəlilabadda müəllimi döyən şəxslərdən biri Şakir Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçib.

Hazırda istintaq orqanı tərəfindən hadisənin digər iştirakçılarının məsuliyyət məsələsinə baxılır. Faktla bağlı cinayət məcəlləsinin 134-cü (öldürmək və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 221.2.1 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddələri ilə ilə cinayət işi başlanılıb və istintaq aparılır”.

12:20

Mayın 16-da təxminən axşam saat 10:00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşlı müəllim bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülüb.

Bu barədə ÇıxışYolu.Com-a Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

İnsidentin görüntüsü bir müddət əvvəl “Facebook” sosial şəbəkəsində yayılıb. Zərərçəkən – həmin kəndin orta məktəb müəllimi, 1971-ci il təvəllüdlü Aqil Əzizovdur. Müəllim maşını ilə kəndə daxil olan zaman bir qrup yerli sakin onun yolunu kəsib.

Onlar A.Əzizovu avtomobildən düşməyə məcbur ediblər, sonradan yetkinlik yaşına çatmayan qızlara qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edərək, üzərinə hücum çəkiblər.

Nəticədə, A.Əzizov kəllə-beyin travması alıb. Bundan başqa, tibbi müayinə zamanı bədənində çoxsaylı qançırlar aşkarlanıb.

Bu arada, müəllim artıq Cəlilabad rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. Faktla bağlı artıq üç nəfər saxlanılıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, doqquzuncu sinif şagirdləri A.Əzizovla birlikdə gəzintiyə getmək istədiklərini bildirib. Sonuncu şagirdlərinin bu təklifini dəstəkləyərək, gəzintiyə hazırlaşmağı tapşırıb.

Müəllimlə yeniyetmələr arasında söhbətin hansı formada aparıldığı hələlik məlim olmasa da, polisdən bildiriblər ki, müəllim tərəfindən hər hansı seksual xarakterli hərəkətlər olmayıb.

“Məktəbli qız evdə müəllimin kollektiv şəkildə gəzintiyə çıxmağı təklif etdiyini bildirib. Ancaq qızın qohumlarında müəllimin bu təklifi nədənsə şübhələr oyadıb. Bir sözlə, onlar heç bir şey aydınlaşdırmadan, müəllimin “dərsini vermək” qərarına gəliblər və onu linç ediblər”, – deyə polisdən bildiriblər.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi üzrə cinayət işi açılıb.

Xatırladaq ki, ötən ilin aprel ayında Cəlilabad rayonunun Muğan kənd məktəbində müəllimin xadiməni zorlamaqda ittiham edilməsi ölkədə böyük səs-küy yaratmışdı.

Ramella İbrahimxəlilova, İlhamə Əbülfət