Allahın şah əsəri sayılan tovuz quşu gözəlliyi ilə hər zaman diqqətləri cəlb edə bilib. Haqqında nağıllar, əfsanələr yayılıb.
Əfsanələrdən birində tovuz quşunun ilanla bərabər cənnətdən qovulduğu deyilir. Başqa bir rəvayətdə tovuz quşunun əslində pərilər sultanı Bilqeyis sultan olmasından bəhs edilir. Ayaqları çirkin olduğu üçün Tanrı onu diqqətləri özünə çəkən möhtəşəm quyruğu ilə mükafatlandırır.
15 ilə yaxındır ki, tovuz quşu saxlayan Murad Muradov cənnət quşları haqqında daha çox məlumat bilir.
Təsərrüfatını Astarada yaradan Murad Muradov 20 ildir quşçuluqla məşğuldur. Əvvəllər göyərçin, qırqovul və digər quşlar saxlayan Murad ilk dəfə təsərrüfatına tovuz quşunu İrandan alıb gətirib. 5 tovuz quşu ilə yaranan təsərrüfat sonradan Rusiya və Türkiyədən alınan müxtəlif sortlarla birlikdə 50-dən artıq tovuzquşunun evinə çevrilib.
Hazırda təsərrüfatında 7 növdə rəngarəng tovuz quşları saxlayan Murad həssas və zərif olan bu heyvanların əsasən günəbaxan toxumu, qarğıdalı və buğda ilə bəsləndiyini deyir.
Həyətində “qaraqanad”, “sadə”, “arlekin”, “ağ” və “yava tovuzquşu” növləri saxlayan təsərrüfat sahibi saxladığı bu gözəl quşları satmır. Ona dəfələrlə bu barədə müxtəlif bölgələrdən müraciət olunsa da, onun tovuz quşu təsərrüfatı yaratmaqda məqsədi başqadır. Murad Muradov gələcəkdə zoopark yaratmaq niyyətindədir.
Dünyanın ən gözəl quşu sayılan tovuz quşunun quyruğunda təxminən 200 lələk olur. Quyruğu böyük olsa da, bu quş 16 km/saat sürətlə uça bilir. Bir zamanlar quyruğuna görə ovlanan bu quşlar Astaradakı yuvalarında rahat və təhlükəsiz yaşayırlar.
Rövşən Mövlan