İngiltərənin “Çelsi” klubunun ispaniyalı qapıçısı Kepa Arisabalaqa cəzalandırılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bazar günü “Mançester Siti” ilə Liqa Kuboku matçının ekstra hissəsinin sonunda baş məşqçi Mauritsyo Sarriyə qarşı etdiyi hərəkətə görə onun həftəlik maaşından tutulub.
Onun həftəlik maaşı isə 225 min avrodur. Həmin pul xeyriyyə məqsədilə istifadə olunacaq. Milliyyətcə bask olan dünyanın ən bahalı qapıçısı cəzalanmazdan əvvəl isə üzr istəyib:
“Mən bu gün (dünən) vaxtımı tam olaraq şəxsən baş məşqçimiz, Vili (komandanın argentinalı qapıçısı Vili Kabalyeronu nəzərdə tutur – S.M.), komanda yoldaşlarım və klubdan üzr istəməyə ayırdım. Mən artıq bunu etmişəm və indi eyni üzrü fanatlara təklif etmək istəyirəm. Mən klubun qəbul edəcəyi hər hansısa cəzanı qəbul edəcəyəm”.
Eyni zamanda, Sarri də Kepanın ondan, komanda yoldaşlarından və klubdan üzr istədiyini bildirib.
Qeyd edək ki, Kepa Arisabalaqa zədələnsə də, daha sonra oyunu davam etdirəcəyini bildirib. Mauritsyo Sarri isə onu ikinci qolkiper Vili Kabalyero ilə əvəzləmək istəyib. Lakin futbolçu çıxmayacağını, penaltilər seriyasında dayanacağını bildirib. Nəticədə, o, bir penalti zərbəsini qaytarsa da, sonda komandası Liqa Kubokunun finalında uduzub.
Səbuhi MUSAYEV