ÇıxışYolu.Com – Çempionluq yolu: Kimin şansları nə qədərdir?

Baxış sayı: 2. 568 dəfə baxılıb.

Sabah və mayın 11-də Azərbaycan Premyer Liqasının son iki turunun matçları keçiriləcək.

ÇıxışYolu.Com xəbər verir ki, son iki tur – XXVII və XXVIII turlar artıq komandalar üçün bəzi məsələlərə aydınlıq gətirəcək.

Çempionluq şansları

Artıq hamıya aydındır ki, çempionluq üçün mübarizədə “Qarabağ” və “Neftçi” arasında gərgin mübarizə hələ mövsümün əvvəlindən etibarən start götürüb. Bakı klubu əvvəlcə dəyişməz çempion olan rəqibinin başının avrokuboklara qatılmasından məharətlə istifadə etdi. Həmin müddətdə “Neftçi” liderlik kürsüsündə bir xeyli “əyləşdi”. 

Lakin elə ki “Qarabağ” həmişəki kimi Avropa Liqasının qrup mərhələsində mübarizəsini başa vurdu, “yatmış köhlən atlar” şaha qalxdı. Artıq bu komanda bütün qüvvətini daxili birinciliyə yönəltdi ki, bu da gec-tez öz sözünü dedi. “Neftçi”nin xal itkilərindən məharətlə istifadə edən Ağdam klubu hazırda beş xal fərqlə turnir cədvəlinin lideridir.

ÇıxışYolu.Com - Çempionluq yolu: Kimin şansları nə qədərdir?

Bəs son iki tura nəzər saldıqda hansı komandanın çempionluq şansları yüksək dəyərləndirilir? Bu suala birmənalı şəkildə “Qarabağ”ın” cavabını vermək olar. Amma bu, futboldur və bu idman növündə sensasiyaların qaçılmaz olduğunu hamı bilir. Bunu bu həftə “Qarabağ”ın “Qəbələ” ilə ölkə kubokunun yarımfinal mərhələsindən məğlub ayrılması da sübut edir. İndi hər iki komanda mövsümü titulla başa vurmaq üçün bütün gücünü bu yarışa – çempionluq mübarizəsinə kökləyib.

Əvvəla onu qeyd edək ki, hər iki komandanın bu tur xal itirəcəyi gözləniləndir. Çünki “Qarabağ” üçüncü yer uğrunda mübarizə aparan “Səbail”lə qarşılaşacaq. Maraqlıdır ki, “Neftçi” də bürünc medal şanslarını saxlayan “Qəbələ” ilə görüşəcək. Ancaq burda “Qarabağ” daha şanslı görünür. Çünki “Qarabağ”a çempion olmaq üçün cəmi bir xal bəs edir. Belə olan halda, Qurban Qurbanovun yetirmələri son turun nəticəsindən (son turda “Neftçi” “Qarabağ”ı qəbul edəcək – S.M.) asılı olmayaraq, ardıcıl altıncı, ümumilikdə isə yeddinci çempionluğunu bayram edəcək.

ÇıxışYolu.Com - Çempionluq yolu: Kimin şansları nə qədərdir?

Üstəlik, “Neftçi”nin bu tur xal itirməsi də daha real görünür. Çünki “Neftçi” “Qarabağ”dan fərqli olaraq, səfərdə – Qəbələdə oynayacaq. 

“Qarabağ” bu matçda heç-heçə edib, növbəti tur “Neftçi”yə uduzsa, flaqman da “Qəbələ”yə bu tur qalib gəlsə, xallar bərabərləşir və şəxsi oyunlara görə Ağdam təmsilçisi çempion olur. Bir sözlə, “Neftçi”nin çempion olması üçün həm hər iki matçda qalib gəlməsi, həm də əsas rəqibinin hər iki görüşdə məğlub olması lazımdır ki, bu da heç inandırıcı görünmür.

Bürünc medal şansları

Artıq bayaq qeyd etdik ki, bürünc medal üçün “Səbail” və “Qəbələ” mübarizə aparır. Burda da oxşar mübarizə gedir. “Səbail” əsas rəqibini beş xal qabaqlayır. Yəni Bakı klubuna çempion olmaq üçün bir xal da bəs edə bilər. Maraqlıdır ki, hər iki komanda bu tur çempionluq mübarizəsi aparan, növbəti – sonuncu turda isə autsayder olmamaq üçün savaşan klublarla üz-üzə gələcək. Son turda “Qəbələ” indiki ölkə kubokunun finalındakı rəqibi “Sumqayıt”ın qonağı olacaqsa, “Səbail” ötənilki ölkə kubokunun finalçısı və qalibi “Keşlə”ni qəbul edəcək.

ÇıxışYolu.Com - Çempionluq yolu: Kimin şansları nə qədərdir?

Avrokubok şansları

Artıq “Qarabağ” və “Neftçi”nin ölkəmizi gələn mövsüm avrokuboklarda təmsil edəcəyi dəqiqləşib. Sadəcə hansı komandanın Çempionlar Liqasında və Avropa Liqasında çıxış edəcəyinə tam aydınlıq gəlməyib.

Avroliqanın ikinci təmsilçisi isə bürünc medalçı olacaq. Bu hüquqa ya “Səbail”, ya da “Qəbələ”dən biri yiyələnəcək. Amma “Səbail” bürünc medalı qazansa belə, “Qəbələ”nin yenə Avroliqada mübarizə aparmaq şansı qalacaq. Çünki bu komanda tarixində dördüncü dəfə ölkə kubokunun finalına yüksəlib. Lakin üç dəfə finalda uduzmuş “Qəbələ” bu dəfə tilsimi qıra bilsə, avrokuboklarda mübarizə aparan dördüncü komandamız olacaq.

Bununla belə, çempionatı tərk etməmək üçün mübarizə aparan “Sumqayıt”ın da avrokubok şansı var. İlk dəfə kubokun finalına yiyələnmiş Sumqayıt təmsilçisi mayın 19-da Naxçıvanda bu titula yiyələnsə, o zaman “Qəbələ” son dövrlərdə ilk dəfə avrokubok mövsümündə yarışa bilməyəcək.

ÇıxışYolu.Com - Çempionluq yolu: Kimin şansları nə qədərdir?

Elitanı kim təmsil edəcək?

Premyer Liqanı tərk etməyə üç namizəd var. Bunlar “Zirə”, “Sumqayıt” və “Keşlə”dir. Bu komandaların müvafiq olaraq 25, 23 və 20 xalı var.

Sabah keçiriləcək “Keşlə” – “Zirə” matçı bu baxımdan çox önəmlidir. Zirə təmsilçisi səfərdən bir xalla dönsə, elitada qalacağı rəsmiləşəcək. “Sumqayıt” isə öz meydanında çempionatda yeganə hədəfi qalmayan komanda olan debütant “Sabah”ı qəbul edəcək. “Sumqayıt” və “Keşlə”nin son turda daha güclü komandalarla qarşılaşacağını nəzərə alsaq, bu turda qalib gəlmələri daha böyük önəm daşıyır.

ÇıxışYolu.Com - Çempionluq yolu: Kimin şansları nə qədərdir?

Səbuhi MUSAYEV