Xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.
Bu haqda Axsam.az saytı məlumat yayıb.
Tərəflər arasında qalmaqala səbəb Xalq artisti Flora Kərimovanın videosu yayılan üç qız barədə “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin “qadının” budur, sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur?!” fikirlərinə Ü.Alovlunun sərt reaksiyası olub.
“Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” deyə fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad, onlara bidad?!”, – deyə Alovlu Kərimovaya səslənib.
Xalq artisti Flora Kərimova ÇıxışYolu.Com-a açıqlamasında jurnalisti məhkəməyə verdiyini təsdiqləyib və Alovlunun onu təhqir etdiyini söyləyib:
“Mən borclarımı qaytarıram. Açın, oxuyun, görün, o mənim ünvanıma hansı sözlər işlədib və haqqımda nələr yazıb. Mən indi bu məsələnin dərinliyinə varmaq istəmirəm. Lakin məhkəmə olacaq”.
ÇıxışYolu.Com-ın əməkdaşı məsələ ilə bağlı Ü.Alovlu ilə də əlaqə saxlayıb.
Jurnalist qarşı tərəfi təhqir etmədiyini, sadəcə fikrini dilə gətirdiyini söyləyib:
“Mən Flora Kərimovanı təhqir etməmişəm, etmərəm də. Sadəcə söyləmişəm ki, o, efirdə ilk dəfə dekolteli libas geyinib və ahıl yaşında çılpaq şəkildə vannada uzanıb şəkil çəkdirib. Mən jurnalistəm, cəmiyyətdə baş verən hər hansısa hadisəyə münasibət bildirmişəm. Bu, mənim haqqımdır. Amma mən Flora xanımdan fərqli olaraq heç kimi söyməmişəm.
O, Azərbaycanın dahi sənətkarı və divasıdır. Amma fikirlərində çox böyük yalnışlığa yol verib. Şəxsən o, həmin üç qızı söyüb, təhqir edib. Hətta qızlara qarşı müxtəlif çağırışlar edib. Bu isə heç bir məntiqə sığmır. O, əxlaq polisi deyil. Xalqın artistidir. Onları baltalamağa, şərəf və layəqətlərini ayaqlar altına atmağa nə onun, nə də digər insanların ixtiyarı var”.
Ü.Alovlu məhkəmə olacağı təqdirdə prosesin açıq şəkildə keçirilməsinə çalışacağını, bu qalmaqalda kimin haqlı, kimin haqsız olduğunu üzə çıxarmaq istədiyini vurğulayıb.
“Məhkəməyə verildiyimlə bağlı xəbəri ilk sizdən eşidirəm. Əgər məhkəməyə veribsə, canı sağ olsun. Mən də çalışaram məhkəmə prosesi açıq keçsin, jurnalist həmkarlarımız gəlib iştirak etsinlər. Onlar da bu məsələdə hansı tərəfin haqlı, hansı tərəfin haqsız olduğunu öz gözləri ilə şahidi olsunlar”.
Rəşad Əliyev