Azərbaycanı “Avroviziya-2019”beynəlxalq mahnı yarışmasında təmsil edən Çingiz Mustafayev ilk məşqi üçün Təl-Əviv Expo Mərkəzinin səhnəsinə çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, Çingiz “Truth” (Həqiqət) mahnısını canlı ifa edərək səhnədə maraqlı şou sərgiləyib. Onun səhnəsində üçbucaq formalı, kənarlarında işıqlar olan dekorasiya quraşdırılıb, arxa fonda mavi dalğalı effektlərlə, qadın silueti nəzərə çarpıb.
Həmçinin səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə Çingizin üzərinə ürək şəklini həkk etdiriblər.
Bununla yanaşı Mustafayevi 5 peşəkar bek-vokalçı müşayiət edib.
Müğənninin sərgilədiyi gözoxşayan performans hər kəsin diqqətini çəkib. Press otağında Çingizi alqışlara qərq ediblər.
Mustafayevin məşqi bukmeyker proqnozlarına bilavasitə təsir edib. Nəticə etibarı ilə 13-cü sırada qərarlaşan Azərbaycan sürətlə 5-ci pilləyə irəliləyib.
Qeyd edək ki, Çingiz yarışmaya üç ay ciddi hazırlaşdığını və mahnının sonunda muğam oxuyacağını bildirib. Mayın 14-də start götürəcək beynəlxalq mahnı yarışmasında Azərbaycan təmsilçisi ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında çıxış edəcək. “Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).
Rəşad Əliyev