“Paris – həyat üçün bayramdır. Gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir”. (Ernest Heminquey – amerikalı yazıçı və jurnalist )
Əvvəllər Lütesiya adlanan şəhərin əsası eramızdan əvvəl III əsrin ortalarında parisi tayfaları tərəfindən qoyulub. Müasir adı isə parisilərin adından götürülüb.
Eramızdan əvvəl 53-cü ildə romalılar birinci müvvəffəqiyyətsiz cəhddən sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, parisilər Luteçiya şəhərinə od vuraraq körpüləri məhv ediblər. Romalılar adanı parisilərə saxlayaraq Sena çayının sol sahilində yeni şəhər salıblar.
Roma imperiyası zamanında şəhər bir o qədər də əhəmiyyətə malik olmayıb. Amma sonradan – Roma imperiyasının süqutu ilə, bir sıra qala divarları, Luvr qəsri tikildikcə, XI əsrdən başlayaraq Paris Avropanın mədəni-maarif, dini mərkəzinə çevrilir.
Bugünkü müsahibimiz 16 yaşından rəngarəngliyi, sərbəstliyi ilə tanınan və sevilən, uşaqlıqdan bəri Fransanın paytaxtında yaşayan Məryəm Osmanovadır.
Məryəm Osmanovanın 21 yaşı var. Parisdə dəb dizaynerliyi üzrə təhsil alıb, hazırda moda sahəsində işləyir və “Instagram” üzərindən həyatını və tərzini paylaşır. Müsahibimiz 10 ildir Parisdə yaşayır.
ÇıxışYolu.Com onun dilindən Paris həyatını təqdim edir:
Fransaya gələndə 11 yaşım yenicə olmuşdu. Parisə gəlmək valideynlərimin qərarı idi. Məktəbdə bəzi məqamlarda çətinliklər olsa da, adaptasiya çox da çətin olmadı. Dili də asanlıqla öyrəndim.
İlk dəfə ora gedəndə valideynlərimdən Afrikada olub olmadığımızı soruşmuşdum. Çünki Parisdə çox qaradərili insan var və mən ilk dəfə idi ki, həyatımda bu qədər dərisi qara rəngli insan görürdüm. Lakin bir neçə ay keçmədən artıq normallaşdı.
Parisdə ən çox sevdiyim odur ki, insanlar bir-birinə xırda bir şey üçün çox təşəkkür edir, xırda narahatlıq verdiklərini düşünən kimi üzr istəyirlər. Lakin sevmədiyim məsələ odur ki, parislilərdə çox da yaxınlıq, doğmalıq hiss etmirəm.
Fransız, ərəb, afrikan, rus, türk – bir çox millətdən dost-tanışım var. Ən yaxın rəfiqəm Albaniyalıdır. Lakin daha çox azərbaycanlılarla əlaqə qurmağı sevirəm.
Fransa haqda yayılan bəzi yanlış stereotiplər var. Belə ki, Fransa dünyada ilk şərab düzəldən ölkə olsa da, çox şərab içən millət deyil. Və bütün fransızlar başında beret ilə gəzmir. Ən əsası isə, irqçi millət deyil.
Parisdə insanlar Sena çayının kənarında oturub pivə içməyi sevirlər. Yaşlı adamların ən çox sevdiyi, əsrlərdir davam etdirdikləri məşğuliyyət dəmir top oyunlarıdır (Les Jeux de boules). Bundan əlavə, kino, tarixi abidələri gəzmək, idman etmək ən əsasdır.
Burada yaşıdlarım da, yaşca daha böyüklər də sadə və yaşlarına uyğun geyinirlər. Azərbaycandan fərqli olaraq, qır-qızıldan az istifadə edirlər, etdikləri zaman da incə və sadə şəkildə. Makiyaj da eynilə. Fikir verdiyim qədəriylə, Azərbaycanda makiyaj + kirpik + qaş, nəticə olaraq sonda hər kəs bir-birinə bənzəyir.
Parisdə ən çox “Montmarte” qəsəbəsini, Jardin des Tuileries parkını və “Notr Dam” qəsəbəsini sevirəm. “Montmart”-də “Sacre Coeur” abidəsinə tərəf çıxıb, bütün Parisi görmək olur. “Jardin des Tuileries”-də isə yaşıllıqların, şəlalənin ətrafında oturmağı sevirəm.
Əvvəllər avtobus və metrolarda qəzet və kitab oxuyanların sayı çox olurdu, indi azalıb. Parisə gələndən burada texnoloji dəyişiklikləri müşahidə etmişəm. 1-2 il əvvəl Eyfelin altından rahat keçmək olurdu, indi isə ətrafı şüşədir və insanlar sırada gözləməli, kontroldan keçməlidirlər.
Bakıda yaşayan qohumlarım üçün, dəniz, həyətdə samovar çayı üçün darıxıram.
Ortalama maaşa baxdıqda burada yaşamaq çox baha deyil. İldə iki dəfə – yayda və qışda böyük endirimlər olur. Bundan əlavə, ehtiyacı olanlara məktəb, ev kirayəsi, xəstəxana, nəqliyyat üçün yardımlar var.
Plan qurmağı sevmirəm, məqsədlərim var. Əsas məqsədim azad gələcək və yaşamdır. Hələ ki gələcəyimi Fransada görürəm.
Nəzrin Həsənova