ÇıxışYolu.Com - Dənizdə boğulmalar niyə artır?

ÇıxışYolu.Com – Dənizdə boğulmalar niyə artır?

Baxış sayı: 2. 504 dəfə baxılıb.

Dəniz mövsümü yeni açılsa da, müxtəlif vaxtlarda 10 nəfərə yaxın insanın boğulduğuna dair xəbərlər yayılıb. İnsanlar istirahət edərkən həyatlarını itirir. Boğulmalar xüsusən 13 yaşdan 35 yaşa qədər olan insanlar arasında müşahidə edilir.

Bəs buna səbəb nədir? Xəzər sahilində, Kür qırağında yaşayan insanların üzməyi bacarmaması? Çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə suya girmək?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev dənizdə boğulmaların sayının artmasını insanların məsuliyyətsizliyi ilə əlaqələndirir.

Mövzu ilə bağlı ÇıxışYolu.Com-a danışan ekspert deyib ki, insanların böyük əksəriyyəti dənizin çimərlik üçün nəzərdə tutulmayan hissələrində suya girməklə həyatlarını riskə atır:

Çimərliklərə giriş pullu olduğundan insanlar həyatlarını riskə atmaq bahasına belə olsa, çimərlik üçün nəzərdə tutulmayan ərazilərə üz tutur. Amma birmənalı şəkildə başa düşmək lazımdır ki, qadağan olunmuş çimərliyə getmək olmaz. Bu, həm səhhətimiz üçün, həm də həyatımız üçün təhlükəlidir. 

Yaxşı olardı ki, gedəcəyiniz çimərliyi düzgün seçəsiniz. Çünki qanunla təhlükəli hesab edilən və qadağan edilən ərazilərdə suya girirsinizsə, bu zaman siz yaşana biləcək təhlükənin 50 faizini öz üzərinizə götürürsünüz. Çünki bir hadisə baş verərsə, ərazidə sizə kömək edə biləcək xilasedicilər yoxdur. 


FHN-nin xilasediciləri yalnız çimərlik kimi istifadəyə icazə verilən hissələrdə var. İnsanlar bilməlidir ki, küləkli, dumanlı, yaxud günün qaranlıq saatlarında, günün 12:00-16:00 radələrində suya girmək məsləhət deyil. Ümumiyyətlə, dənizdə saatlarla qalmaq riskdir. Xüsusilə günün birinci yarısında günəş şüalarının təsiri güclü olduğundan, günvurmaya yol aça bilir.

Bunu isə hiss etmədən suya girən adamlarda huşunu itirmə, müvazinətini itirmə halları yaşanır. Belə olan halda isə boğulma qaçılmaz olur. Düşünürəm ki, ən münasib vaxt 16:00-dan sonradır. Mümkün qədər kölgədə qalmaq məsləhətdir”.

Ekspert deyir ki, boğulmaların sayının artmasına səbəb insanların dənizə mərclə girməsidir:

ÇıxışYolu.Com - Dənizdə boğulmalar niyə artır?

“Gənclər dənizə istirahət məqsədilə yox, özünü ətrafdakılara göstərmək, kiməsə nəsə sübut etmək üçün gedir. Bu, düzgün deyil. Dəfələrlə rastlaşdığım məqamlardır. Bir neçə gənc mərc edir ki, kim daha çox dərinə gedə bilər və gəlirlər çimməyə. Bütün bunlar insanın bilə-bilə öz həyatını riskə atmasıdır. Dəniz səhvləri bağışlamır.

Bir-birinin çiyninə çıxıb suya tullanırlar. Bu zaman əzələ dartıla bilər. İsti-isti hiss edilmir, amma suya girəndə suyun ağırlığı bədənin müvazinətinə mane olur və boğulursan. Fikir versəniz, görərsiniz ki, boğulmalar daha çox gənc nəsil arasındadır. 13-35 yaş arası insanlar daha çox dənizin qurbanı olur. Dəfələrlə xəbərdarlıq edilsə də, insanlar qaydalara əməl etmir. Məsələnin ən dəhşətli tərəfi isə insanların öyrənmək istəməməsidir”.

Bənzər hadisələrin çaylarda, göllərdə və təhlükəli hesab edilən müxtəlif su hövzələrində də baş verdiyini deyən ekspert bu sahədə maariflənməyə ehtiyac olduğunu deyib. Dənizdən fərqli olaraq, çaylarda, göllərdə suyun altındakı axının sürəti fərqli, lili isə normadan artıqdır.

Onun sözlərinə görə, insanlar dənizdə normal istirahət qaydalarını bilmirlər. Dənizdə ağır, yağlı yeməklər yeyib, spirtli içki qəbul edib suya girənlərin ilbəil artdığını deyən E.Nurəliyev aidiyyəti orqanların buna cərimələr tətbiq etməsinin zəruri olduğunu diqqətə çatdırıb:

ÇıxışYolu.Com - Dənizdə boğulmalar niyə artır?

“Bəzən ağır yeməklər yeyib, spirtli içki qəbul edib, dənizə girirlər. Bu, çox risklidir. Biz bu barədə insanlara məlumat verəndə gülürlər. İşin əsas mahiyyətinin fərqinə varmırlar. Çox istərdim ki, aidiyyəti orqanlar tərəfindən hər gün çimərlik ərazilərinə baxış keçirilsin. Bənzər vəziyyətlə qarşılaşdıqda həmin şəxs və ya şəxslər cərimələnsin. Bəlkə, ondan sonra dənizdə boğulmaların, bədbəxt hadisələrin sayı azalar.

Lakin problem bununla da bitmir. Bilmək lazımdır ki, dənizdə sahilə paralel üzmək lazımdır. Sahilə perpendikulyar üzmək olmaz. Dənizin hər istiqamətində dərinlik eyni deyil. Bu dərinliklər dəyişir. Anidən çökək yerə düşdükdə dalğanı tənzimləmək olmur və boğulmağa başlayırsınız.

Valideynlər azyaşlı uşaqlarını da özləri ilə dərinliyə aparır. Düşünmürlər ki, hadisə zamanı özlərini xilas etsələr, uşaqlarının həyatını riskə atmış olacaqlar. Dənizdə boğaza qədər olan hissədə üzmək lazımdır. Daha dərinə getmək olmaz. 

ÇıxışYolu.Com - Dənizdə boğulmalar niyə artır?

Bundan başqa, boğulmalar bəzən qıcolmalardan da baş verə bilir. Bu zaman təlaşlanıb əlləri suyun üzünə çıxarmaq doğru deyil. Əksinə, əllərinizi suyun üzünə çıxarmadan, başınızı dik tutun və kömək istəyin. O zaman suyun üzərində qalacaqsınız. İnsanlar təlaşla qollarını suyun üzərinə çıxarıb çabalayır. Bunlar bu işin əlifbasını bilməməkdən irəli gəlir. Yaxşı olardı ki, insanlar təhlükəsizlik məqsədilə, belə demək düzgün olarsa, “su ilə davranış qaydalarını öyrənsinlər”.

Könül Cəfərli