Cüdo üzrə qadın millimizin monqolustanlı üzvlərindən biri komandamızdan göndərilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, 52 kq çəki dərəcəsində mübarizə aparan Purevsuren Buyanxişiq zəif nəticələri səbəbindən vətəninə yola salınıb.
Qeyd edək ki, Purevsuren Buyanxişiq 2017-ci ildə həmyerliləri – Erdenebat Bazarraqçaa (-48 kq) və Munxtsedev İçinxorlu (-57 kq), o cümlədən, ukraynalı İrina Kindzerskaya (+78 kq) ilə birgə komandaya cəlb olunmuşdu.
Erdenebat Bazarraqçaa Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olsa da, ötən il zəif nəticələrinə görə komandadan göndərildi. İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanmış Purevsuren Buyanxişiq isə ötən ilin noyabrında keçirilmiş Azərbaycan çempionatında Gültac Məmmədəliyevaya uduzaraq gümüş medalla kifayətlənib.
21 yaşlı idmançı bu il Təl Əviv Qran Prisi və Paris Böyük Dəbilqə turnirlərində iştirak edib. Lakin onun zəif çıxışı (adətən ilk görüşündəcə uduzaraq mübarizəni dayandırıb – S.M.) Azərbaycan Cüdo Federasiyasının onunla əməkdaşlığa davam etməmək qərarına gəlməsinə səbəb olub.
Artıq onun yerinə yeni legioner də cəlb olunub. Bu, 23 yaşlı rumıniyalı Aleksandra-Larisa Floriandır. O, iki il əvvəl Bakıda keçirilmiş Böyük Dəbilqə turnirində qızıl medal qazanıb. Əvvəllər Florian yeniyetmələr və 23 yaşadək cüdoçular arasında Avropa çempionu olub, Dünya Turu Seriyalı yarışlarda 10-dan çox Dünya Kuboku çox medal qazanıb.
O, artıq ötən ayın əvvəlləri Praqa Avropa Açıq Çempionatda və Mərakeş Qran-Prisində Azərbaycan adından iştirak edib. Həmin yarışlarda medalsız qalan rumıniyalı legioner aprelin 5-də Antalya Qran-Prisində medal qazanmağa çalışacaq.
Yeri gəlmişkən, bu xəbəri federasiyadan da təsdiqləyiblər.
Səbuhi MUSAYEV