Dekabrın 13-də Cəlilabad və Masallı rayonlarının Gənclərin İnkişaf və Karyera Mərkəzlərində birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadənin gənclərlə “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüşü baş tutub.
Görüş Heydər Əliyevin abidəsinə ziyarət və Ulu öndərə həsr olunmuş muzey-eskpozisiya zalında gəzinti ilə başlanıb. Gəzinti əsnasında Dilarə Seyidzadə Ulu öndərlə bağlı xatirələrini gənclərlə bölüşüb.
Gənclərin “Dövlətçilik və vətəndaşlıq məsuliyyəti” dedikdə gənclər nə başa düşür?” mövzusunda çıxışlarından sonra söz fəxri qonağa verilib. Dilarə xanım çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı Azərbaycanın müstəqilliyini öncədən görürdü və onun bütün siyasəti məhz bu istiqamətdə yönləndirilmişdi. İqtisadi qüdrətin artırılmasını, hərbi hazırlığa ciddi diqqət yetirilməsini, bu yöndə C.Naxçıvanski adına Hərbi məktəbin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti xüsusilə qeyd etmək lazımdır. Sadalanan və görülən işləri Ulu Öndər öncədən gördüyü ölkə müstəqilliyi uğrunda edirdi.
Daha sonra fəxri qonaq mərhum prezidentimizin növbəti dəfə hakimiyyətə gəlişi, 1990-cı il 20 yanvar hadisələri baş verən zaman Moskvada çıxışı, ardınca isə Azərbaycana geri dönməsi, Naxçıvana gəlişi və ilk dəfə orada Azərbaycanın üç rəngli bayrağını yüksəltməsi, 1993-cü il Azərbaycanda hakimiyyətə gəlməsi, müstəqilliyin qorunması üçün göstərdiyi səylər, ölkənin ən ağır günlərində bu cür ağır məsuliyyəti öz üzərinə götürüb, Azərbaycanın müstəqilliyini qoruması və apardığı islahatlar barədə danışdı, şəxsən baş verən bütün bu hadisələrin canlı şahidi olduğunu bildirdi. Dilarə xanım bütün bunların gənc nəsil üçün həm dövlətçilik ənənələrini qavramaq, lazım gəlsə, özünü dövlətçilik uğrunda fəda vermək, həm də hər birinin boynuna düşən məsuliyyəti anlamaq baxımından bir nümunə olduğunu vurğuladı.
Xüsusilə vurğulandı ki, Ulu Öndərin azərbaycanlı olması ilə fəxr etməsi və bunu dəfələrlə dilə gətirməsi də gənclərə bir nümunə olmalıdır. Hər bir Azərbaycan gənci azərbaycanlı olması ilə fəxr etməli və bunun üçün hər zaman inkişafa can atmalıdır. Çünki Ulu Öndər gənclərin hərtərəfli olmasına və bütün sahələrdə azərbaycanlı gənclərin yetişdirilməsinə can atırdı. Heydər Əliyev bilirdi ki, məhz hərtərəfli inkişaf etmiş gənclər müstəqil Azərbaycanın əsas sütunları olacaq. O, həmişə gənclərə güvənirdi və çıxışlarında hər zaman “gənclər bizim gələcəyimizdir” deyirdi.
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusu ətrafında geniş çıxış edən birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə daha sonra auditoriyanın suallarını cavablandırıb. Gəncləri xüsusən də “Ulu Öndərlə işləmiş biri kimi gənclərə nə tövsiyələriniz var”, “Çətinliklə üzləşən zaman bir gənc nə etməlidir”, “Gənclərin karyeralarında, o cümlədən dövlət qulluğunda uğurlu olmaları üçün nələrə diqqət etməli” kimi suallar maraqlandırıb. Dilarə Seyidzadə bu və digər sualları ətraflı cavablandırıb.
Qeyd edək ki, GİKM-in ölkəmizin şəhər və rayonlarındakı nümayəndəliklərində tez-tez tanınmış ictimai və siyasi xadimlərlə gənclərin görüşləri təşkil edilir. Məqsəd gənclərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini daha da dərindən mənimsəməsi işinə töhfə vermək, onların inkişafı və karyera seçimlərini dəstəkləməkdir.