Dubay şəhərində “Jara” beynəlxalq musiqi festivalı baş tutub.
ÇıxışYolu.Com xəbər verir ki, Rusiyanın məşhur pop ulduzları Qriqoriy Leps, Valeriya, Olqa Buzova, Leonid Aqutin, eləcə də Ukraynanın tanınmış ifaçısı Maruvun iştirak etdiyi gecəyə Rusiya Federasiyanının mətbuat katibi Dmitriy Peskov ilə onun həyat yoldaşı, buz üstündə idman rəqsləri üzrə Olimpia çempionu Tatyana Navko və qızı Nadya təşrif buyurublar.
Festival Dubayın ən məşhur və dəbdəbəli otellərindən birində keçirilib. Gecəyə qatılanlar sırasında rusiyanın pop kralı Filipp Kirkorov da olub. Müğənni orada həm çıxış edib, həm də ad gününü qeyd edib.
Valeriya həmkarı Yeqor Krid ilə bərabər duet şəklində “Çasiki” mahnısı səsləndirib. Leonid Aqutin isə sevilən hit mahnıları ilə gecəyə əlavə rəng qatıb. Daha sonra səhnədə “İvanuşki İnternational” qrupu görünüb. Onlar “Topoliynıy pux, jara iyul” mahnısını ifa ediblər.
Maruv isə səsi və səhnə perfomansı ilə izləyicilərin diqqətini cəlb edib.
Gecəyə möhtəşəm ifası ilə damğa vuran isə Qriqoriy Leps olub. Sənətçi İngiltərənin əfsanəvi rok-qrupu “Queen”in ifa etdiyi “Show must go on” hitini səsləndirib.
Qeyd edək ki, paytaxt Bakıda keçiriləcək festival 4 gün davam edəcək və 25, 26, 27 və 28 iyul tarixlərinə təsadüf edəcək. “Jara” beynəlxalq musiqi festivalı ilk dəfə Azərbaycanda 2016-cı ildə keçirilib. Festival günlərində Rusiya ilə yanaşı, Azərbaycan estradasının ən parlaq ulduzları iştirak edirlər.
Rəşad Əliyev