Əməkdar artist Elnarə Abdullayeva ATV-də yayımlanan “Gündən-günə” proqramında işlətdiyi ifadələr izləyicilərin qınağına səbəb olub.
ÇıxışYolu.Com xəbər verir ki, sözügedən proqramda qonaq olan xanəndə cəmiyyətin həssas mövzularından birinə – gəlin, qayınana və qayınata məsələsinə toxunub.
Onun səsləndirdiyi iradlar yanında əyləşən digər qonaq, Xalq artisti Elmira İsmayılovanı hiddətləndirib.
“Əgər görürsən ki, sən qayınananın sözünü “yeyə” bilmirsən, qayınatanın sözünü həzm edə bilmirsən, övladım, götür, yığ şələ-küləni, çıx, get evdən”, – deyə Elnarə bildirib.
Əməkdar artistin bu çıxışı Xalq artistinin xoşuna gəlməyib.
E.İsmayılova üzünü E.Abdullayevaya tutaraq etirazını bildirib:
“Gəlin çıxıb hara getməlidir? O, axı ailə həyatı qurub, bu evə gəlin gəlib. Mən sənin bu fikirlərinlə razılaşmıram. Əgər bir qız bir ailəyə gəlin gəlibsə, evdəkilər ona nə desələr, başından vursalar da belə o susmalıdır? Bu, əsla belə olmamalıdır. Niyə susmalıdır?”
Elnarə isə Xalq artistinin iradına eyni fikirləri səsləndirməkdə davam edib:
“Qayınananın sözünü “yeyə” bilmirsənsə, gəlməmisən ki, ocağı (həyat yoldaşının evini – red.) dağıtmağa? Övladım, “yeyə” bilmirsənsə sözlərini, o zaman dur, çıx, get. Əgər gəlin bir damın altında qayınana və qayınatı ilə yaşayırsa, orda sözsüz ki, qayınana və qayınatanın sözü keçməlidir”.
Qalmaqallı dialoq sosial şəbəkədə müzakirə predmetinə çevrilib.
Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayevanın qatıldığı bir çox verlişlərdə səsləndirdiyi fikilər izləyicilər tərəfindən birmənalı qarşılanmır. Bir müddət öncə “oğlumu şou əhlindən olan qızla evləndirmərəm” sözləri də qalmaqala səbəb olmuşdu.
Şou nümayəndələrin əksəriyyəti Elnarə Abdullayevanın bu fikirlərinə etiraz edərək, incəsənət nümayəndəsinin bu cür ifadələr işlətməsinin yanlış olduğunu bildirmişdilər.
Rəşad Əliyev