ÇıxışYolu.Com – EYOF-da Azərbaycan idmançılarının çıxışı

Baxış sayı: 2. 590 dəfə baxılıb.

ÇıxışYolu.Com - EYOF-da Azərbaycan idmançılarının çıxışı

Məlum olduğu kimi paytaxt Bakıda sabahdan etibarən XV Avropa Gənclər Olimpiya Festivalı (EYOF) start götürəcək. Azərbaycan meydan sahibi kimi bu yarışda 122 idmançı ilə mübarizə aparacaq.

Belə ki, atletikada 18, basketbolda 12, cüdoda 12, güləşdə 18, həndbolda 30, idman gimnastikasında 4, tennisdə 4, üzgüçülükdə 6, velosiped idmanında 6 və voleybolda 12 idmançı ilə təmsil olunacağıq.

ÇıxışYolu.Com xəbər verir ki, bu yarışda kanoenin yerinə güləş salınıb. Bu da təşkilatçı ölkə olan Azərbaycanın istəyi ilə olub. Belə ki, güləş yarışları EYOF tarixində ilk dəfə məhz ölkəmizdə baş tutacaq. Bu isə EYOF-da uğurlu çıxışları ilə yadda qalan cüdoçularımızla yanaşı, güləşçilərimizin də Azərbaycana çoxlu sayda medal qazandıracağını söyləməyə imkan verir. Proqnozlara görə, Azərbaycan bir həftəlik yarışın sonunda medal sıralamasında 12 yarışda lider olmuş Rusiyanın ardından II sıranı tutacaq, ya da şimal qonşularımızın uzun müddətli zirvədəki yerini ələ keçirəcək.

Bəs idmançılarımız əvvəlki 14 yarışda necə çıxış edib? ÇıxışYolu.Com 1991-ci ildən keçirilən bu yarışın keçmişinə nəzər salır.

1. Brüssel, Belçika (12-21 iyul, 1991). 33 ölkədən 2084 atlet mübarizə aparıb. Atletlər doqquz idman növü – atletika, basketbol, otüstü hokkey, futbol, cüdo, üzgüçülük, stolüstü tennis, tennis və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları SSRİ millisi tərkibində mübarizə aparıb. Həmin vaxt SSRİ 24 medalla (12 qızıl, 5 gümüş, 7 bürünc) Fransadan sonra II yeri tutub.

2. Valkensvard, Niderland (3-9 iyul, 1993). 43 ölkədən 1874 atlet mübarizə aparıb. Atletlər 10 idman növü – atletika, basketbol, velosiped, otüstü hokkey, futbol, gimnastika, cüdo, üzgüçülük, tennis və voleybol yarışlarında qüvvələrini sınayıblar. Müstəqil Azərbaycanın idmançıları bu yarışda dörd medalla (bir qızıl, iki gümüş, bir bürünc) XVII yeri tutub. Ölkəmizə ilk qızıl medalı isə 60 kq çəki dərəcəsində güləşmiş cüdoçu Kamran Cəfərov qazandırıb.

3. Bat, Böyük Britaniya (9-14 iyul, 1995). 47 ölkədən 1709 atlet mübarizə aparıb. Atletlər 10 idman növü – atletika, basketbol, velosiped, otüstü hokkey, futbol, gimnastika, həndbol, cüdo, üzgüçülük və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda bir gümüş medalla Kiprlə birgə XXXI yeri tutub.

4. Lissabon, Portuqaliya (18-24 iyul, 1997). 47 ölkədən 2500 atlet mübarizə aparıb. Atletlər 10 idman növü – atletika, basketbol, velosiped, futbol, gimnastika, həndbol, cüdo, üzgüçülük, voleybol və yaxta yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda medal qazanmayıb.

5. Esbyerq, Danimarka (10-16 iyul, 1999). 48 ölkədən 2324 atlet mübarizə aparıb. Atletlər ilk dəfə 11 idman növü – atletika, badminton, basketbol, velosiped, futbol, gimnastika, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda dörd bürünc medalla XXXIV yeri tutub.

6. Mursia, İspaniya (22-26 iyul, 2001). 48 ölkədən 2500 atlet mübarizə aparıb. Atletlər yenidən 10 idman növü – atletika, basketbol, futbol, gimnastika, həndbol, cüdo, yelkənli qayıq, üzgüçülük, tennis və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda yenə dörd medal (iki gümüş, iki bürünc) qazanıb və XXX yeri tutub.

7. Paris, Fransa (27 iyul-3 avqust, 2003). 48 ölkədən 2 min atlet mübarizə aparıb. Atletlər 10 idman növü – atletika, basketbol, velosiped, futbol, gimnastika, həndbol, cüdo, üzgüçülük, stolüstü tennis və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda medallarının sayını beşə (iki gümüş, üç bürünc) qaldırıb və XXIX yeri tutub.

8. Linyano Sabbyadoro, İtaliya (3-8 iyul, 2005). 48 ölkədən 3965 atlet mübarizə aparıb. Atletlər 11 idman növü – atletika, basketbol, kanoe, velosiped, futbol, gimnastika, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda medallarının sayını altıya (iki qızıl, dörd bürünc) qaldırıb və XIX yeri tutub. Yenə qızıl medalları Azərbaycana cüdoçular qazandırıb. Bunlar Teymur Bağırlı (-55 kq) və Zaur Bağırlıdır (-60 kq).

9. Belqrad, Serbiya (21-28 iyul, 2007). 49 ölkədən 3 min atlet mübarizə aparıb. Atletlər 11 idman növü – atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, üzgüçülük, stolüstü tennis, tennis, voleybol və su polosu yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda tarixinin ən yaxşı nəticəsinə imza atıb. Belə ki, birdən-birə yeddi idmançımız qızıl medal qazanıb və bu nəticə ilə medal sıralamasında VI sıranı tutub. Həmin idmançılar bunlardır: atletlər – Ramil Quliyev (100 və 200 metr qaçış), Ənvər Zeynalzadə (üçtəkanla tullanma), cüdoçular – Vüqar Şirinli (-50 kq), Elsevər Sadıqzadə (-55 kq), Sərxan Əhmədov (-60 kq), Şahin Qəhrəmanov (-90 kq).

10. Tampere, Finlandiya (19-24 iyul, 2009). 49 ölkədən 3302 atlet mübarizə aparıb. Atletlər doqquz idman növü – atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda dörd medal (iki qızıl, bir gümüş və bir bürünc) qazanıb və bu nəticə ilə medal sıralamasında Slovakiya ilə birgə XIX sıranı tutub.

11. Trabzon, Türkiyə (23-29 iyul, 2011). 49 ölkədən 3138 atlet mübarizə aparıb. Atletlər yenə eyni doqquz idman növü – atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda üç medal (bir qızıl və iki gümüş) qazanıb və bu nəticə ilə medal sıralamasında XXIII sıranı tutub.

12. Utrext, Niderland (14-19 iyul, 2013). 49 ölkədən 3143 atlet mübarizə aparıb. Atletlər yenə eyni doqquz idman növü – atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda üç medal (iki qızıl və bir bürünc) qazanıb və bu nəticə ilə medal sıralamasında XVIII sıranı tutub. İki medalı cüdoçularımız qazanıb. Bunlar qızıl medalçı Elnur Abbasov (-50 kq) və bürünc medal qazanmış Hidayət Heydərovdur (-60 kq).

13. Tbilisi, Gürcüstan (26 iyul-1 avqust, 2015). 50 ölkədən 3304 atlet mübarizə aparıb. Atletlər yenə eyni doqquz idman növü – atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda beş medal (iki qızıl, bir gümüş və iki bürünc) qazanıb və bu nəticə ilə medal sıralamasında XXII sıranı tutub. Bütün beş medalı cüdoçularımız qazanıb. Şəfəq Həmidova (-40 kq) və Hasil Cəfərov (-73 kq) qızıl medalları qazanan idmançılarımız olub.

14. Dyör, Macarıstan (23-30 iyul, 2017). 50 ölkədən 3675 atlet mübarizə aparıb. Atletlər bu dəfə 10 idman növü – atletika, basketbol, kanoe, velosiped, gimnastika, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda iki medal (bir gümüş və bir bürünc) qazanıb və bu nəticə ilə Latviya və Moldova ilə birgə medal sıralamasında XXXIII sıranı tutub. Yenə hər iki medalı Azərbaycana qazandıran idmançılar cüdoçularımız olub. Bunlar gümüş medal qazanan Vüsalə Kərimova (-40 kq) və bürünc medalçı Adil Kərimlidir (-90 kq).

Qeyd edək ki, Bakıdan sonra XVI Avropa Gənclər Olimpiya Festivalı 24 iyul-1 avqust 2021-ci il tarixlərində Çexiyanın Banska Bıstritsa şəhərində keçiriləcək. 2023-cü ildə isə Slovakiyanın Koper şəhəri yarışların təşkilatçısı olacaq.

Səbuhi Musayev