ÇıxışYolu.Com - Fərda Xudaverdiyev: Bloqerlərə baxan kütlə onları baxış sayı ilə qızışdırıb uçuruma aparır

ÇıxışYolu.Com – Fərda Xudaverdiyev: Bloqerlərə baxan kütlə onları baxış sayı ilə qızışdırıb uçuruma aparır

Baxış sayı: 2. 131 dəfə baxılıb.

ÇıxışYolu.Com - Fərda Xudaverdiyev: Bloqerlərə baxan kütlə onları baxış sayı ilə qızışdırıb uçuruma aparır

Aktyor Fərda Xudaverdiyevin ÇıxışYolu.Com-ya verdiyi müsahibəni təqdim edirik:

– Yeni mövsümdə sənətçilər yeni işlərini tamaşaçılara təqdim edirlər. Bəs sizin başınız hansı işlərə qarışıb?

– “Comedyxana” adlı yeni yumoristik layihə ilə tamaşaçıların görüşünə gələcəyik. Hər həftənin çərşənbə günü saat 19:00-da “Xəzər” TV-nin efirində izləyiciləri bizi izləməyə dəvət edirik. Ümidvaram ki, zarafat dolu səhnəciklərimizlə insanlara xoş əhval bəxş edəcəyik.

Daha bir yenilik isə çəkildiyim filmlə bağlıdır. Belə ki, “Niyə?” adlı ekran işinin premyerası keçiriləcək. “Niyə?” serial qismində izləyicilər tərəfindən sevildiyi üçün çəkiliş heyəti onu film halına salmaq qərarına gəldi. Beləliklə, noyabrın 21-dən etibarən kino həvəskarlarını bizim yeni filmimizi izləməyə dəvət edirəm.

– Hazırda bütün tamaşaçıların gözü “Maşın” şouya dikilib. “Qarşıdurma” devizi ilə yayımlanan şounun final mərhələsinin bir addımlığında verilişi tərk etmişdiniz. “Maşın” şounu necə dəyərləndirirsiniz?

– Şounun “Maskarad” sürətində iştirak etmək üçün “MGP”-dən mənə də təklif gəldi. Əfsuslar olsun ki, təklif gələndə İstanbulda idim. Elə bu səbəbdən şouya qatıla bilmədim. “Maşın” şou bir oyundur. Düşünürəm ki, oyunu düzgünaparmaq lazımdır. Şounun bu sürətini izləmədiyimdən heç bir şərh bildirə bilmirəm. 

– İstanbula nə münasibətlə getmişdiniz?

– Aktyorluq sənəti ilə bağlı müəllim yanına gedirdim. Ahmet Kural və Mehmet Cemcirlə iş birliyinə imza atmışdım. Onlar tərəfindən yenicə lentə alınan “Baba parası” komediya filmində rol almışdım. Amma alınmadı. Bir-birimizi başa düşmədiyimiz üçün filmdə iştirakım dayandı.

Sözügedən ekran işində “Diyarbakırlı Erdal” obrazını canlandıracaqdım. Çox gülməli bir obraz idi. Danışdığım şivəni o qədər mükəmməl formada təqdim etmişdim ki, türklər özləri belə mat qalmışdılar. Cəmi yeddi gün ərzində şivəni əzbərləmişdim.

Yeddi-səkkiz gün ərzində filmin heyəti məni yüksək səviyyədə qəbul etdilər. Ekran işinin bir çox məşqlərində iştirak etdim. Türk dilini daha yaxşı mənimsəməyim üçün onlar bir müddət İstanbulda qalmağımı tövsiyə etdilər. Mənim üçün ev də kirayələdilər. Bir neçə gün türk dili dərslərinə getdim. Filmlərdə istifadə olunan ara sözləri öyrənməyə çalışdım.

Amma hər şey alt-üst oldu, İstanbulda baş verən zəlzələ səbəbindən oranı təcili tərk edib, vətənə qayıtmalı oldum. Orada bizə ürəkaçan proqnoz vermədilər. Sakinlər təbii fəlakətin 7-8 bal gücündə olacağını söylədilər. Bunu eşidən kimi Bakıya qayıtdım.

– Zəlzələyə görə işləri yarımçıq qoyub geri qayıtmağa dəyərdi?

– Dəyərdi. Həyatımdan, canımdan bezməmişəm. Düzdür, onlar mənim bu hərəkətimə çox güldülər. Dedilər ki, belə vəziyyətlərə öyrəşiblər. Yaxın zamanlarda yenidən Türkiyəyə qayıdıb, ordakı işlərimi davam etdirəcəyəm. Yolumu gözləyənlər çoxdur.

Hamıya məlumdur ki, artıq qardaş ölkənin məşhur rejissorları, ssenaristləri və prodüserləri Bakıya gəlib, burada da işlər görürlər. Hər iki ölkənin aktyorlarını bir filmə çəkirlər. Fikrimcə, Azərbaycanda daha çox işlər görüb, onların diqqətini cəlb etmək lazımdır. Ora getdinsə, “sıradan” biri olursan. Onlardan təklif alıb, Türkiyəyə getmək daha məqsədəuyğundur, nəinki özün.

– Aprel ayında “Instagram”da sənətdən getdiyiniz barədə məlumat paylaşdınız. Amma bir müddətdən sonra sizi yenidən efirlərdə gördük. Qərarınızı niyə dəyişdiniz?

– Etiraf edim ki, heç də asan olmadı. Xeyli müddət psixoloqların yanına getdim, onlardan məsləhətlər aldım. Sakitləşdirici dərmanlardan istifadə etdim. Özümü yenidən inandırmağı bacardım. Şükür ki, yenidən qayıda bildim. Sənətimə yenidən qovuşdum.

Bundan sonra arxamca işlər çevirən insanlar sevinməyəcək. Onlar getməyimə çox sevinmişdilər. Onların sevinmələri elə özlərinə qaldı. Mən sanki bir çox həmkarlarımın yerini dar etmişəm. Hamı filmlərə çəkilir. Amma “Kinolara ancaq Fərdanı çəkirlər” deyərək işimə qulp qoymağa çalışırlar.

– Bloqer və vinerlər aktyorluq edir, serial və filmlərə çəkilirlər. Bir çox peşəkar sənətkarlar onların oyununu qeyri-səmimi adlandırırlar. Bəyənmədiklərini üzlərinə vururlar. Onlar aktyorluğu bacarırlar?

– Əsas tanınmaqdır. Tanınmaq iki vur iki qədər asandır. Amma bu davamlı getməyəcək. Çünki hələlik onlar cavan və gəncdirlər. Onların gələcəkdə həyatlarında elə şey baş verəcək ki, başlayacaqlar öz videolarını sosial şəbəkələrdən silməyə.

Çünki öz etdiklərindən utanacaqlar. Uşaqların içində, təbii ki, istedadlıları da var. Amma bir gündə üç dənə anlamlı video çəkmək, heç kimin başı üçün deyil. Demək ki, orada bir boşluq var. Bloqerlərə baxan kütlə sosial şəbəkədə onları baxış sayı ilə qızışdırıb uçuruma aparır. 

Bir gündə üç anlamlı, düşündürən, eyni zamanda, güldürən video çəkib montaj etmək qeyri-mümkündür. 

Rəşad Əliyev