AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov müsahibə verib.
ÇıxışYolu.Com Zaur Axundovun AFF-nin saytına verdiyi müsahibəni təqdim edir:
– Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2020-nin əsas mərhələsi çərçivəsində keçirdiyi oyunları necə dəyərləndirirsiniz?
– Təbii ki, turnirdən əvvəl komandanın qarşısına konkret məqsəd qoyulmuşdu. Bakıda keçirilən oyunları qrup qalibi kimi başa vurmalı idik ki, komanda da bunun öhdəsindən gəldi. Həm futzalçılarımızı, həm də azarkeşlərimizi bu qələbə münasibəti ilə təbrik edirəm. Hər üç oyun ağır keçdi. Buna baxmayaraq, millimiz qarşıya qoyulan məqsədə nail oldu və elit raunda vəsiqə qazandı.
Noyabrın 7-də elit raundun püşkü atılacaq. Komandamızın bu mərhələdə də uğurlu çıxışını davam etdirəcəyinə inanırıq. Həm AFFA, həm də AFF millinin yaxşı hazırlıq keçməsi, oyunlara tam hazır olması üçün lazımi şərait yaradacaq.
Əlbəttə, oyunlar zamanı komandada müəyyən çatışmazlıqların olduğunu gördük. Bunun da əsas səbəblərindən biri komanda üzvlərinin bir klubda deyil, müxtəlif ölkələrdə və fərqli klublarda çıxış etməsidir. Nəticədə hər biri fərqli yarışda iştirak edir, fərqli taktika ilə oynayırlar.
AFFA rəhbərliyinə də komandaya yaratdığı şəraitə görə təşəkkür edir, eyni zamanda onları nəticə münasibətilə təbrik edirəm. Son üç ayda millinin intensiv hazırlıq keçməsi, müxtəlif yoldaşlıq oyunlarında və beynəlxalq turnirdə iştirak etməsi üçün şərait yaradıldı. Bu da nəticədə özünü göstərdi.
Bir məsələni də qeyd edim ki, əsas mərhələnin oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olundu. Həm iştirakçı komandalar, həm hakimlər, həm də UEFA nümayəndələri yaradılan şəraiti və təşkilatçılığı yüksək qiymətləndirdilər.
– Maraqlıdır ki, ilk iki oyunda rəqib komanda qapımıza yol tapdı, son oyunda isə buna imkan vermədik. Bunu oyunlara köklənmə, motivasiya ilə bağlamaq olarmı?
– Baş məşqçi hər oyunda fərqli taktikadan istifadə edirdi. Joze Alesio Da Silva təcrübəli mütəxəssisdir və uzun müddətdir ki, ölkəmizdə çalışır. Düzdür, hələ baş məşqçi ilə görüşümüz olmayıb, onun hesabatını dinləməmişəm.
Amma fikrimcə, o, mümkün qədər komandanı itkilərdən qorumağa, əsas gücü sonuncu oyuna saxlamağa çalışırdı. Ona görə də ilk iki oyunda müyyən axsamalar oldu. Ancaq Slovakiya ilə həlledici oyun tam fərqli keçdi və məncə, sonluq baş məşqçinin düşündüyü kimi alındı.
– Alesiodan söz düşmüşkən, onun milli komandadakı taleyi elit raunddakı nəticədən asılıdır?
– Baş məşqçi ilə 2020-ci il mayın sonuna qədər müqaviləmiz var. O, həm “Araz”ın, həm də milli komandanın baş məşqçidir. Onun işindən həm AFFA, həm də AFF razıdır. Gələcəklə bağlı qərarı mayın sonunda verəcəyik.
– Elit raund oyunları zamanı heyətlə bağlı dəyişikliklər gözlənilirmi?
– Bununla bağlı baş məşqçi qərar verəcək. O, son üç oyunu təhlil edib, qərarını bildirəcək. Biz də onun qərarına uyğun hərəkət edəcəyik. Bir neçə oyunçumuz zədəli olduğuna görə əsas mərhələdə bizə kömək edə bilmədilər. İnanıram ki, elit raunda qədər onlar sağalacaq və komandamıza kömək edəcək durumda olacaqlar.
– Potensial rəqiblərlə bağlı nə deyə bilərsiniz?
– Artıq əsas mərhələnin oyunları yekunlaşıb və 15 potensial rəqibimiz məlumdur. Bu mərhələdə zəif komanda olmur. Elit raunda yüksəliblərsə, deməli, güclüdürlər. Komandaların adlarını oxuduqca bütün iddialı millilərin elit raunda yüksəldiyini görürük. Bizi ağır, gərgin mübarizə gözləyir.
– Millimizin dünya çempionatının final mərhələsinə yüksəlmək potensialını necə qiymətləndirirsiniz?
– DÇ-2016-dakı uğurumuzu təkrarlamaq və yenidən final mərhələsində iştirak etmək istəyirik. Son hazırlıqlar zamanı heyətdə zədə səbəbindən tez-tez dəyişiklər olur. Ancaq baş məşqçinin yaxşı kollektiv formalaşdıracağına və bizi uğura daşıyacağına inanıram.