Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində cüdo yarışları davam edir.
Azərbaycan cüdoçuları turnirə uğurla başlayıblar. Yeniyetmələrdən ibarət milli komandamız ilk yarış günündə aktivinə üç medal yazdırıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz Avstriya, Yunanıstan, Türkiyə və Rusiya idmançılarını məğlub edərək Olimpiya Festivalının qalibi olub.
Daha iki cüdoçumuz bürünc medala layiq görülüb. Gülşən Bəşirova (44 kq) və Şükran Zamanlı yalnız bir görüşdə uduzaraq üçüncü yeri tutublar.
Bu gün qızlar 52, 57 və 63 kq, oğlanlar isə 66 və 73 kq çəki dərəcələrində mübarizə aparırlar.
Komandamızın bayraqdarı Vüqar Talıbov (73 kq) əvvəlcə Dzianis Yauseyenkanı (Belarus), sonra çexiyalı Adam Kopeçkini ipponla məğlub edərək yarımfinala adlayıb.
Aytac Qardaşxanlı (57 kq) dörddəbir finalda rumıniyalı Florentina İvaneskuya qızıl xalla qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Mətin Rzazadə (66 kq) isə üçüncü yer uğrunda mübarizə aparmaq şansı əldə edib.
Qeyd edək ki, festivala 40 ölkədən 297 cüdoçu qatılıb. Onlardan 165-i oğlan, 132-si qadındır.
ÇıxışYolu.Com cüdo yarışlarından fotoreportajı təqdim edir:
Ramil Zeynalov