Azadlıq – bu məfhumun səslənməsi belə tarix boyu hər kəsi qorxudub, bəzən isə ailələrdə övladla valideyn arasında uçurumlar yaradıb. Çünki müasir dövrün adamı üçün azadlıq bir anlayışdır, valideynlər üçün başqa anlayış.
Valideynlərin bu qədər qorxduğu “azadlıq” nədir? Sərhədləri varmı, varsa, hara kimidir?
Alman sosioloqu Niklas Luhman deyir ki, azadlıq məhdudiyyət qoyulmasının hiss olunmamasıdır.
Azadlığa daha çox meyilli olanların gənc nəsildən olduqlarını nəzərə alaraq, elə bu məfhumla bağlı onların fikirlərini öyrəndik.
Gənclərin ÇıxışYolu.Com-a verdikləri açıqlamalardan nəticə olaraq onu deyə bilərik ki, yaşlı təbəqənin insanları, sən demə, azadlıq anlayışını düzgün qavramırlar.
Bu isə gənclərə problem yaradır, bu da öz növbəsində onların narazılığına səbəb olur.
“Azadlığın necə qavranılması insanların yaşlarından və mühitlərindən asılıdır. Yaşlı nəslin yanında “azadlıq” deyəndə düşünürlər ki, insanlar pis nələrləsə məşğul olmaq istəyir, anlamırlar ki, insanlar öz həyatlarını qurmağa çalışırlar. Gənc nəslin çoxu isə azad olmağın azad düşüncəyə, azad məqsədlərə sahib olmaq olduğunu bilir.
Azadlıq – heç kimdən asılı olmadan ayaqlarının üstündə dayana bilmək, fikrini heç kimdən qorxmadan deyə bilmək, həyatının iplərinin öz əllərində olması, həyatın, gələcəyin barədə qərar vermək deməkdir. Məsləhət almaq olar, amma nə valideynlərin, nə də başqa birinin digərinin həyatını yönəltməyə haqqı var. Qərarları özümüz verib, səhv də olsa, düz də olsa, onun məsuliyyətini daşımalıyıq”, – deyə azadlığa can atan, bunun üçün ətrafındakılarla savaşmaq məcburiyyətində qalan, elə bu səbəbdən də adının çəkilməsini istəməyən U.M. bildirir.
Məsələ bununla yekunlaşmır.
Gənclər arasında da “azadlıq” anlayışını düzgün qavramayanlar kifayət qədərdir.
“Azadlıq”la müasirliyi səhv salmaq da bu qəbildən olan bəlalardandır.
Etdiyi hərəkətlər, düşüncə tərz(sizlik)ləri ilə gəncliyi gözdən salanların sayı az da olsa, müəyyən qədər təsir gücləri var və bunu yaya bilirlər. Axı gənclər həm də bir az marjinallığa meyilli olur…
Bu barədə də fikirlərini öyrənmək üçün elə gənclərə müraciət etdik.
Fərid Süleymanlı azadlığın “istədiyin kimi yaşamaq”dan əlavə, başqa amillərdən də ibarət olduğunu deyir. Onun fikrincə, gənclər azad olduqlarını düşünsələr də, mahiyyətini başa düşmürlər:
“Azadlıq deyəndə çoxu “ürəyim nə istəsə edə bilim, istədiyim hər yerə gedim, istədiyim kimi yaşayım” kimi başa düşür. Halbuki təkcə bu deyil, əsas olan heç nə və heç kimdən asılı olmamaq, komplekslərin olmamasıdır. Azadlıq qorxuların, inamsızlığın olmaması, sərbəst qərar verə bilməkdir. Amma indi rahat yaşayan, istədiyi bir çox şeyi edən gənclər azad olduqlarını düşünürlər”.
Lalə İsgəndərlinin fikrincə isə, gənclərin azadlığı maddi vəziyyətlə əlaqəlidir:
“Azadlıq anlayışı individualdır. Mənə görə azadlıq insanın öncə maddi azadlığı olanda yaranır, azadlığı insan özü üçün yaradır da deyə bilərəm. Azadlıq deyəndə gözümün önündə maddi azadlığı olan, heç kimdən asılı olmayan insan canlanır. Nə heç bir gənc, nə də heç bir insan maddi azadlığı olmadığı, ata-anasından pul alıb xərclədiyi müddətdə “mən azadam” deyə bilməz, desə də, mənə görə bu, azadlıq deyil.
Azadlığın bir tərəfi də müstəqil qərar verməkdir, yaşayışını özün təmin edirsənsə, normal olaraq həyatınla bağlı bütün qərarları da özün verirsən və verməlisən. Maddi olaraq, ailədən, yaxud kimdənsə asılı olanda həmin adam rahatlıqla səni idarə edib qərarlarına qarışa bilər. Belə olanda sən tam azad sayılmırsan, həmin adamdan maddiyat gəlməsə, sən artıq heç bir arzunu həyata keçirə bilməyəcəksən, bu da o deməkdir ki, azad yox, kimdənsə asılısan.
Azadlıq qəti şəkildə dikbaşlıq deyil, günümüzdə bəzi hallarda bu, belə başa düşülür. Əlində heç bir resurs – təhsil, özünü təmin edəcək imkan olmadığı halda asılı olduğunuz adamlara qarşı çıxıb azadlığınızı tələb edə bilməzsiniz. Məsələn, 20 yaşın var, valideyn səni maddi cəhətdən təmin edir, sən axşam ad gününə getmək istəyirsən, atan icazə vermir. Hədiyyə almaq üçün pulu atandan aldığın müddətcə o ad gününə atan icazə vermədiyi üçün gedə bilməyəcəksən və “mən azadam” deyib evdən çıxa bilməyəcəksən. Azadlıq istəyən insan heç kimdən asılı olmamalıdır, bunun üçün də bir yol var – öz pulunu qazanmaq. Mənim üçün belədir”.
Dəyanət Əlizadə də günümüzdə maddi vəziyyətin gənclərin azadlıqlarında böyük rol oynadığını deyir:
“Azadlıq ifadəsi hər şeydən əvvəl ikibaşlı, bəzən üçbaşlı olur. Günümüzdə azadlıq sözünü çox kiçildiblər. Azadlıq sözünün Azadlıq meydanı qədər böyük anlamı var. Gənclərimiz həyatlarında kifayət qədər azaddırlar, istədikləri hər şeyi azad şəkildə edə bilirlər, sadəcə bəziləri çox “bekar” olduqları üçün azadlığı başqa nələrdəsə görürlər.
Məncə, bu gün azadlıq dedikdə gənclər iqtisadi azadlıq haqqında düşünməlidirlər. Bir gənc öz istəyinə uyğun olaraq ayrıca, ailəsindən kənarda yaşayıb həyatını qurmaq istəyirsə, amma edə bilmirsə, böyük faizlə əsas səbəb buna şəxsi maliyyələrinin olmamasıdır. Gənclər bəzən azadlıq anlayışlarını səhv salırlar. Gənclərin bütün növ azadlıqları var, sadəcə iqtisadi azadlıqları əngəldir, bu, da onların öz əllərindədir”.
Şirin Quliyevanın fikrincə, açıq-saçıq geyimlər geyinib, bunu “azad” olmaları ilə izah edənlər azadlığı səhv anlayanlardır:
“Azadlıq geniş məfhumdur, mən azadlıq deyəndə ruhumun azadlığını nəzərdə tuturam. Çox adam azadlığı açıq-saçıq geyinmək, yerli-yersiz hərəkətlər, “heç kimi saymıram” kimi fikirlər sanırlar. O, azadlıq deyil, onlar azadlığı səhv anlayanların etdiyi hərəkətlərdir. İnsan azad fikirli olub, azad seçim etməyi, qərar verməyi bacarmalıdır”.
Sosioloq Əhməd Mansurov isə ailədaxili problemlərin bəzi gənclərin azadlıq anlayışlarını səhv başa düşüb ifadə etməklərinə səbəb ola bildiyini deyir:
“Azadlıq dərin fəlsəfi yanaşma tələb edir, bəziləri üçün azadlıq həm də davranış baxımından həyati əhəmiyyət daşıyır. Azadlıq ifadəsi ictimai şüurun formalaşmağa yenicə başladığı dövrü yaşayan gənclər arasında instiktlər və istəklərə bağlıdır. Şüuri azadlıq bizə olduqca geniş sahə verir ki, ondan istədiyimiz kimi düşüncələrimizdə istifadə edə bilirik. Arzularımızda, istəklərimizdə, xəyallarımızda çox azadıq, istədiyimizi düşünə bilirik, lakin sosial normalar, ictimai münasibətlər azad düşüncələrimizin hamısını həyata keçirməyə imkan vermir.
XXI əsr insanların düşüncə tərzinə ciddi təsir edərək, xəyal və istək güclərini artırıb. Böyüməkdə olan gənc nəslə azadlıq ideyaları ilə yanaşı sosial öhdəliklər, vəzifələr, digər şəxslərin azadlıqları da aşılanmalıdır.
Televiziya, sosial şəbəkələr, multimedia vasitələri insanları azadlıq baxımından motivasiya edərək fərqli məcralara: cinayətkarlıq, narkomaniya, zorakılıq, aqressiya və s. yönəldə bilər. Burada valideynlər və sosial institutlar da diqqətli olmalıdırlar. Bu cür hallar ailədaxili problemlərlə də əlaqəli ola bilir. Ailələrdə gənclərin fikirləri, seçimləri, maraqları dəstəklənmədiyi halda öz ətrafında azadlıq tələb etməyə çalışır ki, özünü təsdiq etsin. Ailədaxili münasibətlərdə boğulan azadlıq hissləri sayəsində gənclər internet, televiziya və multimedia vasitələrinin verdiyi xəyal gücündən ilhamlanaraq ətraflarına və özlərinə zərər verə bilirlər.
Zorakılıq və aqressiyadan sonra ən çox yayılan hallardan biri də qərəzli fikirlərin səsləndirilməsidir. Bu, bəzi hallarda təhqir və təhdidlərə keçir. Cəmiyyətimiz sağlam tənqid haqda düşünməlidir”.
Nəzrin Həsənova