Azərbaycanın sərbəst güləş üzrə millisi Avropanın ən güclüsü ola bilər.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan millisi hazırda iki qızıl, bir gümüş və iki bürünc medalla ilk sırada qərarlaşıb.
Dünən Hacı Əliyev, Cəbrayıl Həsənov qızıl, Ağahüseyn Mustafayev gümüş, Mahir Əmiraslanov və Nurməhəmməd Hacıyev bürünc medal qazanıb.
Qızıl medala görə 25, gümüşə görə 20 və bürüncə görə 15 xal verildiyini nəzərə alsaq, Azərbaycanın sərbəst güləş millisi hazırda 100 xalla ilk sırada gedir.
İkinci sırada gedən Rusiya Azərbaycanı beş xal fərqlə (95 xal) təqib edir. Şimal qonşularımızın aktivində bir qızıl, iki gümüş və iki bürünc medal var.
Üçüncü sıradakı Türkiyə millisi isə 87 xala malikdir. Türk idmançılar dünən iki qızıl, bir gümüş və bir bürünc medalla yadda qalıb.
Sonrakı yerləri Ukrayna (43 xal) və Belarus (38 xal) tutur.
Qeyd edək ki, bu gün sərbəst güləşçilərimiz daha üç medal qazana bilər. Şərif Şərifovun qızıl, Hacımurad Hacıyev və Murad Süleymanovun bürünc medal qazanmaq şansları var.
Səbuhi MUSAYEV