ÇıxışYolu.Com – Güləşçilərimiz DÇ-də az medal qazandı

Baxış sayı: 2. 287 dəfə baxılıb.

ÇıxışYolu.Com - Güləşçilərimiz DÇ-də az medal qazandı

Bütün yarışlara gedəndə qızıl medal qazanmağı və himnimizi səsləndirməyi qarşımıza məqsəd qoyuruq. Bildiyiniz kimi, iyunda Avropa çempionatında uğurlu çıxış etdik. Bir qızıl, iki gümüş və dörd bürünc medalla komanda hesabında II yeri tutduq. Daha sonra Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) altı güləşçimizin hamısı fəxri kürsüyə qalxdı. Vətəndə keçirilən yarışda üç qızıl, iki gümüş və bir bürünc medal əldə etdik.

ÇıxışYolu.Com xəbər verir ki, bunu yeniyetmə sərbəst güləş millimizin böyük məşqçisi Əsgərxan Novruzov Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında deyib.

Bolqarıstanda keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatının (DÇ) ilk günlərində mübarizə aparan sərbəst güləş üzrə yığmamız cəmi iki medal qazandı.

Ə.Novruzov DÇ-də az medal qazanmalarını EYOF-la arada vaxt məsafəsinin az olması ilə əlaqələndirib:

“Bütün gücümüzü də məhz EYOF-a qoymuşduq. Təəssüf ki, festivalla dünya çempionatı arasında interval cəmi bir həftə idi. Bu da bəzi aparıcı güləşçilərimizin çəkisalma problemi ilə üzləşməsi ilə nəticələndi. Ona görə də Sofiyaya bir neçə əsas güləşçimizi apara bilmədik. Ancaq EYOF-da çıxış etmiş güləşçilərimizdən ikisi Bolqarıstanda da ümidləri doğrultdu. Cəbrayıl Hacıyev qızıl, Murad Haqverdiyev isə bürünc medal qazandı. Ümumilikdə çıxışımızı qənaətbəxş saymaq olar. Hər halda, nəzərə alaq ki, iki yarış arasındakı qısa vaxta görə əsas heyətlə dünya çempionatına yollana bilmədik və bəzi güləşçilərimizdə əvvəlki yarışın yorğunluğu da sözünü dedi.

Sofiyada daha iki medal qazana bilərdik. 55 kq-da Zirəddin Bayramov Avropa çempionatında və EYOF-da qızıl medal qazanan italiyalı güləşçiyə tam üstünlüklə qalib gəlməyi bacardı. Ancaq 1/4 finalda Türkiyə təmsilçisinə uduzaraq medalsız qaldı. 60 kq-da isə Fərhad Kərimli ağır zədələndiyi üçün bürünc medal görüşünə çıxa bilmədi”.

Səbuhi Musayev