ÇıxışYolu.Com – Güləşçilərimizin ermənilər üzərində böyük qələbəsi – 5:1

Baxış sayı: 2. 789 dəfə baxılıb.

ÇıxışYolu.Com - Güləşçilərimizin ermənilər üzərində böyük qələbəsi - 5:1

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı yığmalarımız üçün uğurlu nəticə ilə yadda qaldı.

ÇıxışYolu.Com 8-14 aprel tarixlərində mübarizə aparan yığmalarımızın çıxışını təhlil edir.

Sərbəstlər

Dağıstanın Kaspiysk şəhərində keçirilmiş ötənilki Avropa çempionatından fərqli olaraq, ilk olaraq sərbəst güləşçilər – Mahir Əmiraslanov, Hacı Əliyev, Ağahüseyn Mustafayev, Cəbrayıl Həsənov və Nurməhəmməd Hacıyev mübarizəyə qoşuldu. Əvvəlcədən onu qeyd edək ki, bütün bu idmançılarımız çempionatı medalsız tərk etmədi.

Bunlardan üçqat dünya çempionumuz Hacı Əliyev və son dünya çempionatının finalçısı Cəbrayıl Həsənovun medal qazanacağımıza ümidlər çox idi. Onlar ümidləri doğruldaraq qızıl medala yiyələndilər.

Hacı Əliyev finalda türkiyəli rəqibi Səlahattin Kılıçsallayanı 7:0 məğlub edib üçqat Avropa çempionu oldu. Cəbrayıl Həsənov yarımfinalda zədələnmiş rusiyalı rəqibi Əhməd Qazıməhəmmədovun zədələnməsindən yararlanaraq titula yiyələndi. Bununla da o, 2011-ci ildən bəri qazana bilmədiyi Avropa çempionatının qızıl medalını üçüncü dəfə boynundan asdı.

Bunlardan Ağahüseyn Mustafayevin çıxışı çoxlarını təəccübləndirdi. 70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn yalnız finalda türkiyəli Mustafa Kayaya uduzaraq gümüş medalı boynundan asdı. Mahir Əmiraslanov və Nurməhəmməd Hacıyev isə bürünc medala yiyələndi.

Yarışın ikinci günü mübarizəyə qoşulmuş digər beş sərbəst güləşçimizdən isə yalnız Olimpiya və dünya çempionu Şərif Şərifov finala çıxa bildi. O, polşalı rəqibinə qalib gələrək ilk dəfə həm də Avropa çempionu oldu. Bu nəticə ilə Şərif Zemfira Meftahəddinova və Radik İsayevdən sonra Olimpiya, dünya və Avropa çempionu olmuş idmançılarımız sırasına qoşuldu.

Digər sərbəst güləşçilərimizdən Hacımurad Hacıyev və Murad Süleymanov bürünc medal uğrunda mübarizədə uduzdu, Əsgər Məmmədəliyevlə Seyid Məhəmmədrza Azərşakib elə ilk görüşündəcə uduzaraq mübarizəni dayandırdı.

Bununla belə, Saypulla Absaidovun rəhbərliyi altında sərbəst güləş yığmamız üç qızıl, bir gümüş və iki bürünc medal qazanaraq Avropa çempionatının üçüncüsü oldu.

Qadın güləş millimiz

Əməliyyat olunduğu üçün dünya və yeddiqat Avropa çempionumuz Mariya Stadnik bu turnirə qatılmasa da, yığmamız bu turnirdən qızıl medalla qayıda bildi. Qızıladək isə Elmira Qəmbərova bürünc medal qazandı. Türkan Nəsirova və İrina Netreba isə bürünc medalı son görüşdə əlindən qaçırdı.

Qadın millimiz üçün ikinci gün daha uğurlu oldu. Bir qızıl və iki bürünc medal qazandıq. Bürünc medalları Alyona Kolesnik və Tatyana Omelçenko, qızılı isə Elis Manolova boynundan asdı. Bu, Manolovanın böyüklər arasında ilk Avropa çempionluğu oldu. Bolqarıstan türkü olan Manolova bununla da Azərbaycana Avropa çempionatında Mariya Stadnik, Sona Əhmədli və Yuliya Ratkeviçdən sonra qızıl medal qazandıran dördüncü qadın güləşçi oldu.

Qadın güləş millimiz bir qızıl və üç bürünc medalla yarışı başa vurdu. Komandamıza Avropanın üçüncüsü olmağa bir neçə xal bəs etmədi.

Yunan-Roma güləş millimiz

Ötən ilin dünya və Avropa çempionu Eldəniz Əzizli ümidləri bu dəfə doğrultmadı. O, yarımfinalda rusiyalı Vitali Kabaloyevə uduzaraq gücünü bürünc medal uğrunda sınamalı oldu. Ancaq Eldəniz yenə mötəbər turnirdən medalsız qayıtmaraq bürünc medal qazandı.

Taleh Məmmədov da bürünc medal qazandı. Ancaq onun qazandığı bürünc medalı prinsipial edən məqam onun rəqibi idi. Çünki bu medalı qazanmaq üçün Taleh Slavik Qalstyanı məğlub etməli idi… Və etdi də.

Ən böyük uğura isə İslam Abbasov nail oldu. O, finalədək irəlilədi. O, yalnız burada dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Jan Belenyukun müqavimətini qıra bilmədi. Bununla belə, bu, gənc İslamın böyüklər arasında ən böyük uğuru kimi tarixə yazıldı.

Təəssüf ki, sonrakı gün mübarizəyə qoşulan idmançılardan heç kim medal qazana bilmədi. Bununla belə, millimiz bir gümüş və iki bürünc medalla Avropanın üçüncüsü ola bildi. Xatırladaq ki, ötən il də yunan-Roma millimiz Avropa çempionatının üçüncüsü ola bilmişdi.

Beləliklə, Azərbaycanın güləş millisi ümumilikdə 13 medalla Avropa çempionatını başa vurdu. 

Azərbaycan – Ermənistan 5:1

Bu yarışda Azərbaycan millisi altı dəfə erməni güləşçilərlə üz-üzə gəldi. Bunlardan beşində bizim idmançılar qalib gəldi. Təbii ki, ən prinsipial görüş bürünc medal uğrunda Taleh Məmmədovla Slavik Qalstyan arasında baş tutdu.

Sərbəst güləş

65 kq. 1/8 final. Hacı Əliyev – Vazqen Tevanyan 1:0

70 kq. 1/4 final. Ağahüseyn Mustafayev – David Safaryan 12:2

Yunan-Roma güləşi

63 kq. Bürünc medal görüşü. Taleh Məmmədov – Slavik Qalstyan 6:2

77 kq. Təsəlliverici görüş. Elvin Mürsəliyev – Arsen Culfalakyan 1:2

87 kq. 1/4 final. İslam Abbasov – Maksim Manukyan 6:1

97 kq. 1/8 final. Orxan Nuriyev – Artur Şahinyan 3:0

Səbuhi MUSAYEV