Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.
Beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Azərbaycan Güləş Federasiyasının məlumatına görə, təmsilçimiz Zaur Əliyev ilk görüşdə Qırğızıstan idmançısını tam üstünlüklə məğlub edib. Avropa çempionatının bürünc medalçısı 1/4 finalda Moldova təmsilçisini də ilk hissədə qazandığı xallarla üstələyərək yarımfinala yüksəlib. Yarımfinalda 2 il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısı ilə üz-üzə gələn Z.Əliyev revanş alıb. İlk hissədə 4 xallıq fəndi uğurla icra edən Zaur hesabdakı üstünlüyünü sonadək qoruyub və dünya çempionatının finalına vəsiqə qazanan ilk güləşçimiz olub.
Pəhləvanımız avqustun 17-də baş tutan həlledici qarşılaşmada Rusiya təmsilçisinə uduzub və gümüş medalı boynundan asıb.