ÇıxışYolu.Com - Hələ 100 min kilometr sürülməyən 60 yaşlı “Volqa”

ÇıxışYolu.Com – Hələ 100 min kilometr sürülməyən 60 yaşlı “Volqa”

Baxış sayı: 3. 221 dəfə baxılıb.

ÇıxışYolu.Com - Hələ 100 min kilometr sürülməyən 60 yaşlı “Volqa”

Bu avtomobilin yanından heç kim çevrilib, ikinci dəfə baxmadan keçmir.

Sovet dövrünün əfsanələrindən olan QAZ-21 “Volqa” avtomobili klassik görünüşü və tarixi nüfuzuna görə həmişə diqqəti cəlb edə bilib. Retro avtomobil həvəskarları bu avtomobillərə əlçatan və asan təmir olunduğu üçün üstünlük verirlər. İndi ölkə arasında az say da olsa da
QAZ-21 “Volqa” qalmaqdadır.

Bu cür avtomobillərdən bir də 57 yaşlı Şəmkir rayon sakini Elbəyi Xəlilov tərəfindən saz vəziyyətdə saxlanılır.

 E.Xəlilov 1959-cu il istehsalı olan QAZ 21-i gözünü açandan həyətlərində gördüyünü, onunla bağlı acılı-şirinli xatirələrinin olduğunu söyləyib. Bu səbəbdən atası vəfat edəndən sonra illərdir qarajda saxlanılan avtomobilə əl gəzdirərək, yığmaq qərarına gəlib. O, maşının hazırkı vəziyyətə gəlməsi üçün 10 min manat xərc çəkdiyini söyləyir.

“Kuzovda bütün detallar özünə aiddir. Digər detalların əksəriyyəti isə evdə var idi. Əsas xərc rənglənməsinə getdi. Detalları digər retro maşınlara baxanda asan tapmaq olur. Üzərində ən bahalı hissələri qabaq tor və ceyran fiqurudur ki, onların da qiyməti 400-500 manat aralığında dəyişir. Bundan başqa salonda fil sümüyündən detallar var ki, onlar da müəyyən qədər xərc aparıb”.

60 ilin avtomobili olmasına baxmayaraq, hələ 100 min km sürülmədiyini deyən E.Xəlilov indiyədək bir çox maşınlara sahib olsa da, onunçün öz “Volqa”sından rahat avtomobil olmadığını söyləyir.

“Uşaqlığından ona marağım böyük olub. Ondan aldığım zövqü heç bir avtomobildən ala bilmirəm.  Evdə başqa iki avtomobilim var, amma hara gedirəmsə “Volqa” ilə gedirəm. Məndə belə bir hissiyat var ki, bu maşında bütün vəziyətlərdən çıxa bilərəm. Bunun sürət qutusu 3 pilləli olsa da, elə nizamlanıb ki, rahatlıqla saatda 140 km sürətlə sürməyə imkan verir”, – deyə Şəmkir sakini məlumat verir.

Elbəyi Xəlilov avtombilinə marağın çox böyük olduğunu, getdiyi yerlərdə hər kəsin onun başına yığışdığını deyir. Ən çox maraqlananların isə alıcıların olduğunu deyir. 

“Almaq istəyənlər çoxdur. Zəng-zəngin arxasınca gəlir. İki ay əvvəl gəlib 45 min manat təklif etdilər. Məndə 90 min dedim ki, çıxsın getsin” – deyən E.Xəlilov ata yadigarı olan bu avtomobili ömrünün axırına kimi saxlamaq fikri olduğunu söyləyir.

Nazir Quliyev