İnsan oğlu sürətli texnoloji inkişafa nail olsa da, ekologiyaya daha çox zərbə vurmağa başlayıb. Artıq bütün dünyada ətraf aləmin qorunması istiqamətində addımların atılmasına başlanılıb. Bu istiqamətdə gənclərin təşəbbüskarlıq göstərməsi təqdirəlayiq haldır.
Bəs, Azərbaycan gəncliyi bu qlobal hərəkatda iştirak edirmi? Cəmiyyətin əsas hərəkətverici qüvvəsi olaraq, gənclərimiz hansı addımları atır?
ÇıxışYolu.Com-ın müsahibi “Təbiət-mənim evim” layihəsini həyata keçirən Orxan Salmanovdur.
– Orxan, istərdim özünüz haqda məlumat verəsiniz.
– Orxan Salmanov, 21 yaşım var. Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıram. Sosial layihələr həyata keçirərək, bacardığım qədər cəmiyyətə faydalı olmağa çalışıram.
Son layihəm Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə Dövlət Universitetində keçirildi. “Təbiət – mənim evim” adlanır. Layihə gənclərin ekoloji biliklərini artırmaq, insanların ətraf mühitə təsirini müsbətə doğru meyilləndirmək məqsədi daşıyırdı.
– Layihəyə maraq necə oldu?
– 60 iştirakçı üçün nəzərdə tutulsa da, iki gün ərzində 200-ə yaxın gənc iştirak etdi. Regionlarda keçirilən layihələrdə iştirakçıların sevinci, marağı, həvəsi daha artıq olur. Tədbirdən sonra məndə belə təəssürat yarandı ki, gənclər həqiqətən, təbiətə daha az zərər verməyə çalışacaqlar.
– Ətraf mühitin qorunması mövzusunda gənclər qınanılmalıdır, yoxsa müsbətə doğru dəyişikliklər var?
– Tam olaraq qınaya bilmərik. Amma gənclərimiz bu mövzuda tam məlumatlıdır demək olmaz. Sürətli inkişaf mütləqdir.
– Sizcə, təbiəti qorumaq, təmiz saxlamaq üçün başqa nələr etmək lazımdır?
– Təlimlər zamanı şahidi oldum ki, maarifləndirilməyə xeyli ehtiyac var. Bundan əlavə, çeşidləmə, zibil qablarının sayının artırılması kimi addımlar vacibdir. Düşünürəm ki, bizi gözləyən ekoloji təhlükələr barədə insanlara daha çox məlumat çatdırılmalıdır.
Ən vacib məsələ gənclərlə yanaşı, uşaqları maarifləndirməkdir. Məktəblilərə erkən yaşlardan ekoloji mədəniyyət və ekologiyanın qorunması üçün vərdişlər aşılansa, gələcək təhlükələrdən daha çox qorunmuş olarıq. Bu gün etdiklərimiz gələcəkdə yaşayacaqlarımızı hazırlayır. Başqa sözlə, hər əməlimizlə sabahın təməlini qoyuruq. Hər kəs özünü müsbətə doğru dəyişdirsə inkişaf görülə bilər.
– Gələcək üçün planlarınız nələrdir?
– Regionlarda ixtisas seçimi ilə bağlı layihələr keçirmək planım var.
Nəzrin Həsənova