ÇıxışYolu.Com - Hadi Rəcəbli: Uşaqlarım bir-birinin paltarını geyinir

ÇıxışYolu.Com – Hadi Rəcəbli: Uşaqlarım bir-birinin paltarını geyinir

Baxış sayı: 3. 841 dəfə baxılıb.

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ÇıxışYolu.Com-ın müxbirinin suallarını cavablandırır: 

– Hadi müəllim, demoqrafik durum, təbii artım məsələsi bu gün dünyanı narahat edən məsələlərdəndir. Daha çox da Avropa, Qərb ölkələri bu məsələdə ciddi problemlər yaşamaqdadırlar.

Elə bu günlərdə qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi bir məclisdə bu məsələyə geniş şəkildə toxunaraq, əvvəllər üç, son zamanlar isə ən azı dörd uşaq məsələsini dilə gətirdiyini, gənc ailələrə tövsiyə etdiyini bildirdi. Siz özünüz də sonuncu büdcə müzakirələri zamanı Azərbaycanda uşaq doğumunun sayının azaldığını narahatlıqla vurğulamışdınız.

Odur ki, Azərbaycan ailələrində uşaqların sayının artımı, belə demək mümkünsə, gənc ailələrin buna həvəsləndirilməsi, stimullaşdırılması üçün istər praktik, istər qanunvericilik cəhətdən hansı addımlar atıla bilər?

– Həqiqətən, bugünlərdə çox hörmətli Ərdoğan cənabları bununla bağlı növbəti dəfə çox dəyərli fikirlərini səsləndirdi.

Növbəti dəfə ailələrdə, xüsusilə, yeni qurulan ailələrdə uşaqların sayının artırılması, uşaqlara sosial dəstək məsələsi ilə bağlı mövqeyini açıqladı. Dedi ki, əvvəllər iştirak etdiyi nikah mərasimlərində yeni cütlüklərə üç uşaq, son zamanlar isə ən azı dörd uşaq məsləhət bilir.

Bu, hesab edirəm ki, çox müsbət yanaşma və çox məqbul davranışdır. Bu, nəzərə və diqqətə alınmalı bir məsələdir.

Eyni zamanda, bildiyiniz kimi, 2018-ci ilin noyabr ayında parlamentdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi müzakirə və təsdiq olunarkən, orada üç bəndə xüsusi diqqət yetirdik. O bənddə söhbət ondan gedirdi ki, DSMF-nin büdcəsində bir neçə il ardıcıl olaraq,  məlum məsələ ilə bağlı vəsait artmamışdı, olduğu kimi qalmışdı.

Bunun da səbəblərindən biri o idi ki, ölkədə doğuş azalmışdı. Yəni, bizdə illərlə doğuşun azalması tendensiyası görünürdü və bu məqsədlə də o vəsaiti artırmırdılar.

Amma burada digər önəmli bir məqam var ki, Azərbaycanda orta hesabla təbii artım ildə yüz min, ondan bir az aşağı – 90 min və ya 110 min olur. 105 min də olur. Bu o deməkdir ki, Azərbaycanda təbii artım mövcuddur.

Bu da demoqrafik təhlükəsizlik baxımından çox önəmli məsələdir və bu, bir daha onu göstərir ki, Azərbaycanda ailələrdə uşaqların sayı, hesablama aparsaq, haradasa 2,7-yə yaxındır. Bu da belə baxanda çox yaxşı göstəricidir.

Biz sadəcə, nəyi səsləndirmişdik? Biz onu səsləndirmişdik ki, doğuşa görə müavinətlərin həcmi zaman-zaman artsın.

Biz səsləndirmişdik ki, üç yaşa qədər uşaq puluna xüsusi baxış olmalıdır. Müəyyən qədər orada vəsaitin artması və ardıcıllıq məsələsinə baxılmalıdır. Bütün bu ideyalar, fikirlərlə bağlı konkret addımlar atılır. 

Bu yöndə prezidentimizin tapşırıqları var və o tapşırıqlarla bu məsələlər təhlil olunur. Məsələn, bizdə çoxuşaqlı ailə beş uşaqdan yuxarı olanda sayılır, hesablanır. Biz onu deyirik və deyirdik ki, dörd və dörddən çox uşağı olan ailə çoxuşaqlı ailə sayılsın.

Bütün bu ideyalar, bu fikirlər də dediyim kimi, müvafiq qurumlara tapşırılıb. Müvafiq qurumlar bütün bu addımların maliyyə tutumunu hesablayıblar, yoxlayırlar. Ola bilər ki, bu gün yox, sabah bu məsələ reallığa çevrilmiş olsun. 

ÇıxışYolu.Com - Hadi Rəcəbli: Uşaqlarım bir-birinin paltarını geyinir

Yadınıza gəlir, bizim nə qədər istəklərimiz vardı? Yaşayış minimumunun minimum əmək haqqı ilə üst-üstə düşməsini istəyirdik.

Bunu reallaşdırmaq çətin idi, amma zamanı gəldi, reallıq ona imkan verdi və bu yöndə addım atıldı. Ona görə biz tələsə bilmərik.

Bəzən görürsən ki, bizim arzularımız, istəklərimiz biz az qabağa gedir. Ancaq bunlar zamana ehtiyacı olan məsələlərdir.

Düşünürəm ki, bu məsələlər də zaman-zaman həll olunacaq. Ölkə prezidentimizin uşaqlarla, gənclərlə bağlı atdığı addımlar göz önündədir.

Məsələn, “Ölkəmizi tanıyaq!” layihəsi, devizi ölkə prezidentinin brendidir, çox maraqlı bir məsələdir. Mart və noyabr aylarında regionların uşaqları bu regiondan o regiona gedirlər, regionları tanıyırlar. Onlara xüsusi paltar verilir, otellərdə qalırlar, yüksək səviyyədə qulluq görürlər.

Uşaqlar bir-biri ilə ünsiyyət tapır və bu uşaqlar özləri də seçilirlər. Yaxud, könüllülər hərəkatını götürək, bu da ölkə prezidentimizin istəyi ilə yaranan böyük bir hərəkatdır. Hətta, bu yaxınlarda kənd təsərrüfatında da bu hərəkat yarandı. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti, ölkə rəhbəri gələcək nəslin, gənc nəslin yetişməsi ilə necə maraqlanır.

Gənclərlə bağlı bu yaxınlarda keçirilən görüşü və bu görüşdə əlil arabasında olan insanlarla ünsiyyəti, gənclərin qarşısında qoyduğu vəzifələri götürək. Bəzən görürsən idmana bağlı olan məsələlərimizi də mənfur baxışla müzakirə edirlər ki, ay nə bilim, filan yerə, filan məsələyə bu qədər pul ayrıldı, axı nəyə lazım idi və sair. 

Buna çox təəssüf edir və etirazımı bildirirəm. Bu gün dünyada iki göstərici var. Birincisi, ağıldır, təhsildir. Bu istiqamətdə də Azərbaycanda son illər üç mindən çox məktəb tikilib, yenidən qurulub. Təhsildə çoxlu islahatlar aparılıb. İkincisi, sağlamlıqdır, idmandır.

Bu iki faktorun ikisi də ölkə prezidentinin istəyidir. Bu, sistem şəklində aparılır və biz ömrümüz boyu möhtərəm prezidentimizə minnətdar olmalıyıq ki, idmana həvəs yaradılır, idman müəssisələri tikilib, insanların istifadəsinə verilir. 

Burada həmçinin asudə vaxtın səmərəli təşkili, liderlik keyfiyyətlərinin yaranması məsələsi və sair məqamlar da var. Qələbə əzmi, əzmkarlıq – bu keyfiyyətlər bizim cavanlarımızda formalaşır və bunun hesabına da sabahın, gələcəyin Azərbaycanı daha möhkəm, daha sağlam təməllər üzərində qurulur.

Yəni, həm Azərbaycan ailələrində uşaqlarının sayının artması, həm də onların sağlam böyüməsi, düzgün yetişməsi, Azərbaycanın gələcəyinə çevrilməsi üçün bütün addımlar atılır.

– Çoxuşaqlı ailələrə də cəmiyyətdə iki cür yanaşma var. Bir qisim deyir ki, uşaqların həyat şəraitinin təmin edilməsi dövlətin məsuliyyəti, dövlətin çiyinləri üzərindədir, bir qisim isə deyir ki, sayından asılı olmayaraq, nə qədər uşaq dünyaya gətirmisənsə, onun məsuliyyəti, yükü də sənin özünün üzərindədir. Siz bu mövqelərdən hansını bölüşürsünüz?

– Dünyanın hər bir yerində belədir ki, uşaqların, övlad dünyaya gətirməyin məsuliyyəti, onların təminatı, yaşayışı daha çox ailələrin, valideynlərin özlərinin üzərindədir.

Mən bir dəfə demişdim, sonra bəziləri yazdılar, hay-küy saldılar ki, Hadi Rəcəbli deyir, uşağı saxlaya bilmirsən, doğma, nə bilim, neyləmə… Mənim fikirlərim əslində təhrif olunmuş şəkildə insanlara çatdırılmışdı. Biz demoqrafik təhlükəsizlik deyəndə nəyi nəzərdə tuturuq? Bu gün bizim qanunlarımız var.

Bizim qanunlarımızda göstərilir ki, rüşeym formalaşanda abort etmək olmaz. Bilindi ki, bu oğlandır və ya qızdır, bunu abort eləmək olmaz. Bu, birmənalıdır. Bu məqamları, müddəaları da məhz Hadi müəllim hazırlayıb vaxtıykən. Necə olur ki, bu qanunu hazırlayanda, onun qəbuluna nail olanda bunu dilə gətirmək, təqdir etmək heç kimin yadına düşmədi, amma digər məsələ olan və cəmiyyətə təhrif olunmuş şəkildə çatdırılan kimi, o dəqiqə hər şey “yada düşdü”?

Mən çox ailə ilə söhbət etmişəm, bildirmişəm ki, uşaqların sayı nə qədər çox olsa, o qədər yaxşı olar. Mənim özümün on nəvəm var, övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın, çoxalsın. Ancaq onlar istəmirlər. Biz bunlara güclə nə deyə, nə etdirə bilərik ki? Bəzi ailələrdə istəmirlər ki, ikidən, üçdən çox uşaq olsun. Bunun da, əlbəttə, kökündə nəsə var. Görünür maliyyədən, sosial durumdan başqa digər nüanslar da var.

Ona görə biz qanunumuzda bunu tənzimləmişik. Amma eyni zamanda, uşaqların sayının tənzimlənməsi valideynlərin öhdəsinə qoyulur. Hər ailə özü baxmalıdır, özü qərar verməlidir və qərar verir ki, neçə uşaq olsun. Biz bu gün çoxuşaqlı ailə həvəsləndirmə istiqaməti götürməmişik. Yəni, on uşaq olsun, beş olsun, belə istiqamət yoxdur.

İstəyirik ki, ailələrin hərəsinin özünün istəyinə uyğun olaraq uşaqları olsun. Amma şəxsən mən özüm onun tərəfdarıyam ki, ailələrdə üçdən aşağı uşaq olmasın.

– Hər halda ağlımız kəsəndən bu yana görmüşük ki, daha çox çoxuşaqlı ailələrdə mehribançılıq, əziyyətə qatlaşma, problemləri soyuqqanlı və rasional şəkildə çözə bilmə, qarşılıqlı hörmət və ehtiram, daha sağlam ailə ənənələri olur, var. Azuşaqlı ailələrdə isə bir çox hallarda uşaqların eqoist böyüməsi, özünə qapanması, problemlərlə üzləşəndə onun qarşısında aciz qalması və sair məqamlar özünü göstərir…

– Tam razıyam. Bəli, o da var. O da qanuna uyğundur, cəmiyyət də əslində belə inkişaf edir. Məsələn, biz ailədə 6 uşaq olmuşuq.

Atam, anam isə hərəsi onuşaqlı ailədən gəliblər. Bizdə oldu altı uşaq, məndə oldu dörd uşaq, övladlarımda isə iki və ya üç uşaq. Yəni, azalma gedir. Bu, istər-istəməz bir tendensiyadır.  Məsələn, Rusiya boyda bir ölkə böyük xərclər qoyur, vəsaitlər ayırır, amma alınmır, onlarda təbii artım yoxdur.

Azərbaycanda yüz min təbii artım varsa, Rusiyada təbii artım minusla gedir. Avropada daha dəhşətlidir. Nə deyirsən eləyirlər, amma təbii artım baş vermir ki, vermir. Yəni, burada da məsələyə çox ehtiyatla, diqqətlə yanaşmaq lazımdır. Bütövlükdə bir həqiqət var, həmişə deyiblər ki, çoxuşaqlı ailəni Allah da qoruyur.

Bu gün açığı biz də deyirik ki, çoxuşaqlı ailələrə müəyyən dəstək verilsin, amma bu şərtlə ki, onların sosial durumu öyrənilsin, sonra qərar verilsin, addım atılsın… Sosial durumu yaxşı, yüksək olan ailələrə dəstək verməyin böyük əhəmiyyəti yoxdur.

Onların durumları bu məsələləri həll etməyə imkan verir onsuz da…

– Dünyada da belə bir təcrübə var?

– Bəli, dünyada da belədir. Türkiyədə, başqa Avropa ölkələrində də sosial duruma görə ailələrə, çoxuşaqlı ailələrə dəstək olurlar. Biz bütövlükdə Azərbaycan vətəndaşlarının, ölkə əhalisinin, millətimizin sayının artmasının tərəfdarıyıq.

Əhalimiz artıq on milyona çatır. Bunun on beş milyon olması da yaxşı olardı. Eyni zamanda, əhalinin sağlam olması daha önəmlidir, daha yaxşıdır. Ona görə biz kəmiyyətdən çox keyfiyyətə üstünlük verməliyik, sağlam uşaq dünyaya gətirməliyik.

O uşaqların sağlamlığını qorumağa, o uşaqların təhsili ilə məşğul olmağa üstünlük verməliyik. Kəmiyyət dalınca qaçmamalıyıq ki, on dənə, on beş dənə uşaq olsun. 

Ancaq dediyim kimi, bütövlükdə mən həmişə hər yerdə uşaqların ailələrdə çox olmasının tərəfdarıyam. O zaman dediyiniz məsələlər də olmur. Böyük qardaş balaca qardaşa kömək edir.

Bir vaxtlar balaca qardaş böyük qardaşın paltarını geyinirdi. İndi ailələrdə bu söhbəti salmaq olar? Deyir, necə yəni, mənim uşağım getsin sənin uşağının paltarını geyinsin, ola bilməz və sair. Ancaq mənim balalarım, nəvələrim, bu oğlumun uşağı o biri oğlumun uşağının paltarını geyir.

O qızımın uşağının paltarını bu biri qızımın uşağı geyinir. Bizim ailədə bu məsələyə pis baxılmır. Ailələr var ki, buna pis baxırlar. 

Amma hamı bir-birinin əlindən tutanda, problemlər də həll olunur.

Kamil HƏMZƏOĞLU