Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü tutularaq istintaqa cəlb edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 1-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Elnur Şiriyevin 108A nömrəli marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı, 10-TG-550 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yolu keçən piyadalar – 2012-ci il təvəllüdlü Sevgi Quliyeva və Nahid Babayevi vurub onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılan istintaqla hadisənin Elnur Şiriyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində E.Şiriyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
11:53
Abşeronda 108 saylı marşrut avtobusu iki uşağı vurub.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə Mehdiabadda, Təzə məhlə qəsəbəsi adlanan ərazidə baş verib.
108 saylı avtobus piknikə gedən uşaqlar yolu keçmək istəyərkən Quliyeva Sevgi Ramil qızı (2012) və Babayev Nahid Bəxtiyar oğlunu (2012) vurub.
Onlar təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıblar. Vəziyyətləri ağırdır.
Uşaqlar reanimasiyaya yerləşdiriliblər.