ÇıxışYolu.Com – İlham Zəkiyev və Zülfiyyə Hüseynova Bakıda keçirilən turnirdə medalsız qaldı

Baxış sayı: 2. 891 dəfə baxılıb.

ÇıxışYolu.Com - İlham Zəkiyev və Zülfiyyə Hüseynova Bakıda keçirilən turnirdə medalsız qaldı

Bakıda keçirilən paracüdo üzrə Qran-Pri başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, komandamızın üzvləri bu gün bir final və dörd bürünc medal görüşünə çıxıb.

Rövşən Səfərov (-90 kq) finalda Vahid Nuriyə (İran) uduzaraq gümüş medalla kifayətlənib.

Xanım Hüseynova (-63 kq) bürünc medal uğrunda görüşdə Duyqu Çete Artara (Türkiyə) qalib gəlib. Bununla da idmançımız iki döyüşə bürünc medal qazanıb.

48 yaşlı Zülfiyyə Hüseynova (-70 kq) isə bürünc medal uğrunda görüşdə uduzub. O, özündən yaşca çox kiçik Vəsilə Əliboyevaya (Özbəkistan) uduzaraq medalsız qalıb.

Dürsədəf Kərimova (+70 kq) da medalın bir addımlığında uduzub. O, Rebeka Silva (Braziliya) ilə görüşdə bürünc medalı əldən verib.

İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev də medalsız qalıb. O, bürünc medal uğrunda görüşdə Revaz Çikoidze (Gürcüstan) ilə dramatik keçən matçda uduzub. İlham bu görüşdə sifətindən zədə alıb.

Bununla da Azərbaycan millisi bir gümüş və bir bürünc medal qazanıb. Ümumilikdə medallarımızın sayı 11-ə çatıb. Beləliklə, Paralimpiya Oyunlarına lisenziya verən Qran Prini millimiz üç qızıl, dörd gümüş və dörd bürünc medalla başa vurub.

Qeyd edək ki, ümumi sıralamada Özbəkistan son görüşün nəticəsinə əsasən bu anadək lider olan Azərbaycanı keçib. Dörd bürünc medalı olan Özbəkistan qızıllarının sayını dördə çatdırıb. Bir qızıl, bir gümüş və iki bürünc medalı olan Ukrayna isə yarışı Azərbaycandan sonra üçüncü sırada bitirib.

17:07

Bakıda keçirilən paracüdo üzrə Qran-Pridə bu gün ikinci günə start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, komandamızın üzvləri bu gün bir final və dörd bürünc medal görüşünə çıxacaq.

-90 kq

Ramin Əliyev Vladimir Fedinə (Rusiya) uduzaraq mübarizəni dayandırdı.

Rövşən Səfərov Oleq Kretula (Moldova), İbrahim Bölükbaşına (Türkiyə) qalib gəldi. Yarımfinalda Aleksandr Nazarenkoya (Ukrayna) də qalib gələn Rövşən bu gün finalda çıxış edən yeganə idmançımız olacaq. Onun rəqibi Vahid Nuridir (İran).

-100 kq

Kənan Abdullaxanlı Şərif Xəlilova (Özbəkistan) qalib gəlsə də, Kristofer Skeliyə (Böyük Britaniya) uduzdu. O, təsəlliverici yarışda Bencamin Qudriçə uduzaraq mübarizəni dayandırdı.

Kamil Ağayev Yan Qoarnisona (Fransa) uduzaraq mübarizəni dayandırdı.

+100 kq

İlham Zəkiyev Kento Masakiyə (Yaponiya) qalib gəlsə də, yarımfinalda Şirin Şərifova (Özəkistan) uduzdu. O, bürünc medal uğrunda görüşdə Revaz Çikoidze (Gürcüstan) ilə qarşılaşacaq.

-63 kq

Xanım Hüseynova Nafisə Şərifboyevaya (Özbəkistan) uduzdu. Bununla belə, təsəlliverici yarışda idmançımızın rəqibi olmadığından, o, bürünc medal uğrunda görüşdə Duyqu Çete Artarla (Türkiyə) qarşılaşacaq.

-70 kq

Zülfiyyə Hüseynova Olqa Zabrodskayaya (Rusiya) uduzdu. O, təsəlliverici yarışda Raziyə Ulucamı (Türkiyə) məğlub edərək bürünc medal qazanmaq şansı əldə etdi. Onun rəqibi Vəsilə Əliboyeva (Özbəkistan) olacaq.

+70 kq

Xatirə İsmiyeva Məsmə Taşbağa (Türkiyə) uduzdu.

Dürsədəf Kərimova Preşilia Lezeyə (Fransa) qalib gəldi. O, ikinci görüşündə Honqyu Vanqa (Çin) uduzdu. Dürsədəf yarımfinalda Anastasiya Qarnikə (Ukrayna) qalib gələrək Rebeka Silva (Braziliya) ilə bürünc medal qarşılaşması keçirmək imkanı əldə etdi.

Qeyd edək ki, Azərbaycan millisi dünən doqquz medal qazanıb. Bunlardan üçü qızıl, üçü gümüş və üçü bürünc medaldır. Bu nəticə ilə Azərbaycan millisi liderdir. İki qızılı və üç bürünc medalı olan Özbəkistan ikinci, bir qızıl, bir gümüş və bir bürünc medalı olan Ukrayna isə üçüncü yerdədir.