ÇıxışYolu.Com – “İslami Cihad”ın liderinin öldürülməsi əməliyyatının arxasındakı həqiqətlər

Baxış sayı: 1. 931 dəfə baxılıb.

ÇıxışYolu.Com - “İslami Cihad”ın liderinin öldürülməsi əməliyyatının arxasındakı həqiqətlər

Fələstində fəaliyyət göstərən “İslami Cihad” təşkilatının hərbi qanadı komandirlərindən olan Bəha Əba əl-Ata Qəzza zolağında İsrail ordusunun hücumu nəticəsində öldürülüb.

İsrail ordusu yaydığı rəsmi açıqlamada “Şin Bet” kəşfiyyat xidməti və ordunun birgə əməliyyatı zamanı “İslami Cihad” liderinin öldürüldüyü bildirilir. Açıqlamada Bəha Əba əl-Atanın İsrailə qarşı terror əməliyyatları həyata keçirdiyi iddia olunur. 

Artıq “İslami Cihad” hadisəni təsdiqləyib. Əməliyyat zamanı əl-Atanın həyat yoldaşının da öldüyü, iki nəfərin isə yaralandığı bildirilir. 

“İslami Cihad” hərəkatı bu hadisəyə görə qisas alacağını bəyan edib. Bundan az sonra isə Qəzzadan İsrail ərazilərinə raketlər atılıb. 

Bundan sonra İsrail ordusu Qəzza ərazisini bombalamağa başlayıb. Hava zərbələri nəticəsində dörd nəfər ölüb, 316 nəfərin yaralandığı bildirilir. İsrail ordusu bu hadisədən sonra Qəzza ilə yanaşı, Suriya ərazisini də bombalayıb və nəticədə, iki nəfər ölüb, 10 nəfər isə yaralanıb. 

Fələstin hökumət kabineti baş verənlərə görə İsraili ittiham edib. Fələstinin rəsmi xəbər agentliyi “WAFA”nın yaydığı açıqlamada bildirilib ki, Ramallah hökuməti beynəlxalq ictimaiyyəti Fələstin xalqını qorumağa çağırıb. 

İsrailin Baş naziri Benyamin Netanyahu “İslami Cihad” qruplaşması ilə toqquşmaların uzana biləcəyini açıqlayıb:

“İsrail gərginliyin artmasını istəmir. Amma özümüzü müdafiə etmək üçün hər şey edəcəyik. Bu, vaxt apara bilər. Ehtiyac olan sakitlikdir”.

Avropa İttifaqı da gərginliyi azaltma çağırışı edib. İttifaqın xarici əlaqələr şurasının ali təmsilçisi Federika Moqerini yaydığı açıqlamada mülki əhalini qorumaq çağırışı edib. Moqerini deyib ki. Mülki əhalinin yaşadığı ərazilərə raket atmaq qətiyyən yolverilməzdir. 

“İslami Cihad” isə Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq üçün beynəlxalq vasitəçiliyi rədd edib. Hərəkatın liderləri telefonlarını söndürüb və BMT-nin Yaxın Şərq sülh prosesi xüsusi koordinatoru ilə təmasdan imtina ediblər.

İsrailin “Yediot Ahronot” qəzeti isə İsrail hökumətinin Misir kəşfiyyatı vasitəsilə Qəzza zolağı liderlərini gərginliyi artırmaq istəmədiyi barədə mesaj göndərdiyini yazıb.

Lakin görünən odur ki, İsrail hakimiyyətinin son sui-qəsd əməliyyatı ölkədəki daxili situasiya ilə birbaşa bağlıdır. Doğrudur, İsrail zaman-zaman Qəzza və başqa regionlarda Fələstin silahlı müqavimət qruplarının liderlərini hədəfə alır. Bu, nə ilkdir, nə də, yəqin ki, son olacaq.

Yeri gəlmişkən, ötən ilin noyabrında da İsrail ordusu Qəzza zolağında Həmasın hərbi qanadının komandirlərindən olan Hadi Bərəkətə qarşı xüsusi əməliyyat keçirərək onu məhv etmişdi. 

Lakin indi İsraildə seçkilərdən sonra hökumət qurulması prosesinin uzandığı bir vaxtda bu əməliyyatın keçirilməsi həm də “daxili auditoriyaya” hesablanıb. Məsələ ondadır ki, bu ilin aprelində keçirilən seçkilərdə heç bir siyasi partiya hökumət qura bilməyib.

Bunun nəticəsində ölkə sentyabrda növbədənkənar seçkilərə getməyə məcbur olub. Sentyabrın 17-də İsraildə növbədənkənar seçkilər keçirilib. Lakin bu seçkilərdə də əsas siyasi qüvvələrin heç biri mütləq üstünlük qazana bilməyib.

Rəsmi nəticələrə əsasən, seçkilərin qalibi keçmiş baş qərargah rəisi Benni Qantz olub. Onun liderlik etdiyi “Ağ-Mavi” blok seçkilərdə 33 mandat qazanıb. Hazırkı Baş nazir Benyamin Netanyahunun liderlik etdiyi Likud Partiyası isə yeni parlamentdə 32 mandata sahib olub.

Lakin ölkə prezidenti hökumət qurmaq səlahiyyətlərini keçmiş baş qərargah rəisinə deyil, baş nazir Netanyahuya verib. Lakin Baş nazirin hökumət qurmaq cəhdləri alınmayıb. Bundan sonra prezident hökumət qurmaq səlahiyyətini Qantza verib. Ancaq belə görünür ki, Qantz da 120 yerlik İsrail parlamentində hökumət qurmaq üçün lazım olan minimum 61 deputatın dəstəyini toplaya bilmir. Hətta buna görə o, hazırkı Baş naziri də ittiham edib. 

Məsələ ondadır ki, 2009-cu ildən bu yana İsrail hökumətinə fasiləsiz rəhbərlik edən Netanyahunun seçkilərdə qalibiyyətinin əsas sirri onun dəstəklədiyi radikal xətdir. Hazırkı Baş nazirə səs verən əsas seçici kütləsi ölkənin daha çox münaqişə bölgələrinə yaxın ərazilərində yaşayan əhalidir.

Bu səbəbdən də zaman-zaman hərbi əməliyyatlar Baş nazirin sərt xəttinin daha da güclənməsinə səbəb olur. Bu baxımdan, son gərginlik daha yumşaq və sülh tərəfdarı Qantzın deyil, Fələstinlə daha sərt xətti dəstəkləyən Netanyahunun əlinə işləyir.

Çünki Qəzza əməliyyatından sonra “İslami Cihad”ın atdığı raketlər artıq ölkənin mərkəzi şəhərlərinə qədər gedib çıxıb, yaralananlar var. Aydın məsələdir ki, evinə raket düşən və bunkerlərdə gecələyən israilli seçicilər Fələstinlə danışıqlar tərəfdarı olan Benni Qantzı deyil, daha sərt müdaxilə tərəfdarı olan Netanyahunu dəstəkləyəcək. Bu mənada, son əməliyyatlar həm də İsraildə dalan dirənən hökumət qurulması prosesinə də təsir edəcək. Təbii ki, indiki baş nazirin xeyrinə.

Rəşad Quliyev