Bu gün nüfuzlu “Jara-2019” beynəlxalq musiqi festivalının sonuncu günüdür.
ÇıxışYolu.Com xəbər verir ki, festivalın dördüncü günündə hit mahnılardan ibarət gecə təşkil olunub.
Möhtəşəm musiqi bayramından öncə Rusiyanın və Azərbaycanın məşhur ulduzları “Qırmızı xalı”dan keçərək, media nümayəndələrinin suallarını cavablandırıblar.
Qriqoriy Leps, Timati, Loboda, Bahh Tee, ELLAİ, Valeriya, Nyuşa, Hamm&Ali&Navai, Rauf&Faiq, Mari Kraymbreri, Ciqan, Zomb, Yuliya Kavalçuk, İrina Nelson, Lyubov Uspenskaya, CYGO və “Black star” “Jara”nın əsas səhnəsinə çıxmazdan öncə “Qırmızı xalı” mərasiminə qatılıblar.
“Qırmızı xalı”da rus ulduzları ilə yanaşı yerli ifaçılar da geyim və imicləri ilə diqqət çəkiblər.
Azərbaycanı 2018-ci ildə “Avroviziya” mahnı müsabiqəsində “X My Heart” mahnısı ilə təmsil edən istedadlı müğənni Aysel “Qırmızı xalı”ya uzun, dərin sinə dekolteli, qızılı rəngdə dəbdəbəli libasla qatılıb.
Mərasimdə ölkəmizi 2016-ci ildə “Avroviziya” mahnı müsabiqəsində “Miracle” mahnısı ilə təmsil edən, cazibədar müğənni Səmra Rəhimli də iştirak edib.
Səmra bu dəfə də ənənəsinə sadiq qalaraq, seksual qeyim tərzi ilə göz oxşayıb. Sadə makiyaj və buruq saçlarını çiyninə atan müğənni “Qırmızı xalı” şousuna parıltılı materialdan hazırlanan sinə və kürək dekolteli uzun geyimlə gəlib.
Rusiya və Azərbaycan estradasanın sayılıb-seçilən məşhur ulduzları “Qımızı xalı” şousunda sonra “Jara”nın əsas səhnəsinə keçid ediblər.
Onlar repertuarlarında yer alan sevilən və hit mahnılarını ifa edəcəklər. Möhtəşəm gecədə sənətçilər ifaları ilə yanaşı parlaq və bir-birindən fərqli, dinamik, rəqslərlə dolu şoularla tamaşaçılara unudulmaz musiqi ziyafəti verəcəklər.
Qeyd edək ki, artıq ənənəyə çevrilən və üç ildir ki, davamlı şəkildə təşkil olunan “Jara” layihəsinin təşkilatçıları Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının Əməkdar artisti Qriqori Leps və “Qızıl Qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Rəşad Əliyev