ÇıxışYolu.Com - Kəmalə Ağazadə: Nömrəmi uşaqların cibinə qoyurdum, zəng gəlirdi ki, neçəyə çıxırsan?

ÇıxışYolu.Com – Kəmalə Ağazadə: Nömrəmi uşaqların cibinə qoyurdum, zəng gəlirdi ki, neçəyə çıxırsan?

Baxış sayı: 2. 685 dəfə baxılıb.

Son günlər sosial şəbəkələrdə Azərbaycanda zorakılığa məruz qalan, şiddət görən uşaqlarla bağlı məlumatlar yayılır. Məsələ barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ÇıxışYolu.Com-nun suallarını cavablandırıb:

– Kəmalə xanım, müsahibələrinizin birində sığınacaq yaratmağa bir əhvalatdan sonra qərar verdiyinizi demişdiniz. Yalnız bu əhvalatmı sizi bu sığınacağı yaratmağa vadar etdi?

– 2000-ci ildə gecə saatlarında evə qayıdanda məni küçə uşaqları arxadan vurdular, çantamı almaq istədilər, polis onları saxladı. Həmin uşaqların tarixçələrini biləndə şikayətimi geri götürdüm, o vaxtdan küçə uşaqları ilə işləməyə başladım və qərar verdim ki, baxımsız uşaqlara qayğı göstərəcəyəm. “Günərzi Qayğı Mərkəzi”ni yaratdıq və uşaqlarla işlədikcə dedim ki, İlahi, nə qədər problemlər var.

Həmin uşaqlar üçün zorakılıq adi bir şey idi. Onlar arasında yoluxucu xəstəlikləri olanlar da az deyildi. O zaman mərkəzin “qaynar xətti” yox idi. Mən öz telefon nömrəmi kağıza yazıb uşaqların cibinə qoyurdum ki, nəsə problem olsa, mənə zəng etsinlər. Elə küçə uşağı olurdu ki, pul qarşılığında mənim nömrəni bir manata satırdı (gülür).

ÇıxışYolu.Com - Kəmalə Ağazadə: Nömrəmi uşaqların cibinə qoyurdum, zəng gəlirdi ki, neçəyə çıxırsan?

Bir də görürdün ki, gecə saatlarında kimsə zəng edirdi ki, neçəyə çıxırsan? Səhər uşaqlar özləri etiraf edirdilər ki, onlar pul qarşılığında nömrəmi satıblar. Çətin idi onlarla işləmək, küçə uşaqları arasında zərərli vərdişlərin azalması istiqamətində iş apardıq, onları səhiyyə müəssisələrinə istiqamətləndirir, hüquqi baxımdan sənədlərinin həll edilməsi və ailələrinə qaytarılmasına çalışırdıq.

Günlərin bir günü uşaqların biri ilə bağlı mənə prokurorluqdan zəng gəldi. Zəng edən şəxs dedi ki, bir yeniyetmənin meyitini tapmışıq və cibindən sizin nömrəniz çıxıb. O zaman küçədə olan uşaqlar soyuqdan qorunmaq üçün elektrik şitlərinin içinə girirdilər. Həmin vaxt onlardan birini elektrik vurub. Morqa getdim və meyiti tanıdım. Bu, Səid idi. Heç kimi yox idi… Sığınacaq yaratmaq qərarını onda verdim ki, elektrik şitlərinin içində qalan və ölən uşaqlar olmasın.

– Uşaqlara edilən zorakılıq halları artıbmı? Yoxsa indi sosial şəbəkələrdə daha çox məlumat yayılır deyə faktlar gizlədilmir?

– Biz həmişə uşağa qarşı şiddət, ananın onları vurması faktı ilə qarşılaşırıq. Bu hərəkətlərə müdaxilə edən və etməyənlər olur. Bizim sığınacağa gələnlər müdaxilə olunanlardır. Təcrübəmizdə dəfələrlə şahidi olmuşuq ki, uşaq özü polisə yaxınlaşıb, ona qarşı ailədə edilən şiddəti bildirib.

ÇıxışYolu.Com - Kəmalə Ağazadə: Nömrəmi uşaqların cibinə qoyurdum, zəng gəlirdi ki, neçəyə çıxırsan?

Bir neçə il əvvəl buraya bir qız uşağı gəlmişdi. Nənə və baba qəyyumluğunda idi, diləndirilirdi. Onu polis əməkdaşları reyd zamanı aşkar etmişdi, buraya gələndən sonra nənə-babasını tapdıq. Onlar and-aman etdi ki, bir də belə hal olmayacaq. Üstündən bir il keçəndən sonra həmin qız polisə yaxınlaşır və “Mən artıq yorulmuşam” deyir. Buraya təkrar yerləşdirilən zaman çox bərbad vəziyyətdə idi. Uşaqla bağlı iş aparıldı, ona qarşı cinayət törədən nənə-babanın qəyyumluğundan çıxarıldı və mənim qəyyumluğuma verildi.

Haradasa bir il bundan əvvəl anası buraya gəldi və bildirdi ki, uşağını istəyir. O gündən bu günə kimi onu istəyən ana ortalıqda yoxdur. Sadəcə, uşağa ümid verdi, getdi. Mən hiss edirdim ki, qız da anasına qovuşmaq istəyir. Həmin vaxtdan o qız bir dəfə də gəlib məndən soruşmur ki, anam niyə gəlmir? Bu cür uşaqlar çoxdur.

ÇıxışYolu.Com - Kəmalə Ağazadə: Nömrəmi uşaqların cibinə qoyurdum, zəng gəlirdi ki, neçəyə çıxırsan?

Mənə təsir edən faktlardan biri də son günlər paylaşdığım Tunar adlı azyaşlı idi. O, Abşeron rayonunda polisə yaxınlaşıb, evə getmək istəmədiyini deyib. Polis əməkdaşları onu buraya gətirdi. Bildirdi ki, anası onu döşəmə yuyulan ağacla döyüb, bıçaqla xəsarət yetirib. Polis evə baxış keçirdi və kimisə tapmadı. Biz şəkilləri sosial şəbəkələrdə yaydıq. Atası gəldi. Dedi ki, uşaqdan imtina etməyib, ana uşağa alimentə görə şiddət tətbiq edib.

Təhqiqatçı izahat aldı. Anaya cinayət işi açıldı, sonra öyrəndim ki, uşaq yenidən anaya təhvil verilib. Səbəbini heç kim açıqlamır. Cinayət faktı, uşağa qarşı zorakılıq varsa, o, necə ona verilə bilər? O uşaq yenidən şiddət görəcək və izahatını dəyişəcək. Biz onda hansı müdaxilədən danışacağıq? Problemlər çoxdur, həll edilməlidir.

– Sizinlə müsahibə üçün otağınıza qalxanda eşitdim ki, körpələrdən bəziləri başqa sığınacağa köçürüləcək. Onlar hansı şərtlərlə burada qala bilərlər?

– Bura uşaq evi deyil. 12 ildir ki, Azərbaycan Uşaqlar Birliyinin nəzdində Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə müəyyən bir müddətdə iş aparılır. Hər gün gələn var. Bilirsiniz, mən artıq utanıram deməyə ki, növbəyə yazılın. Polisə gedirlər ki, ərim şiddət göstərir, bəlkə, bir müddət bu uşağı evdən uzaqlaşdıraq?

ÇıxışYolu.Com - Kəmalə Ağazadə: Nömrəmi uşaqların cibinə qoyurdum, zəng gəlirdi ki, neçəyə çıxırsan?

Uşağa psixoloji təzyiq olunubsa, ailə ilə söhbət aparılır, uşağın reabilitasiya müddəti bitdikdən sonra qərar verilsə, o, ailəyə qaytarılır. Uşağa şiddət, zorakılıq, ağır xəsarət yetirmələr olubsa, o zaman İcra Hakimiyyəti tərəfindən həmin uşaqlar dövlət müəssisələrinə köçürülür.

– Gün ərzində sizin mərkəzə nə qədər müraciət olur?

– Reinteqrasiya mərkəzi olaraq gün ərzində 10-12 şikayətçi qəbul edirik, beş-yeddi psixoloji konsultasiyaya gələnlər var. Hər gün 20-25 nəfər hüquqi, tibbi, psixoloji kömək üçün müraciət edir. Uşaqlarla axşamlar gündəlik nə ilə məşğul olduqlarını müzakirə edirik. Burada işçilər var, amma uşaqlar gün ərzində bir dəfə də olsa, qapını döyüb mənimlə söhbət etmək istəyirlər. Bunlar onların daxilində yaranan boşluqdan irəli gəlir.

ÇıxışYolu.Com - Kəmalə Ağazadə: Nömrəmi uşaqların cibinə qoyurdum, zəng gəlirdi ki, neçəyə çıxırsan?

Bizim burada elə qızlarımız var ki, nə ailəyə, nə də uşaq evinə getmə şansları var. Bəzən mənə deyirlər ki, onlar buraya alışırlarmı? Alışırlar. Mən o çıxış yolunu görmək istəyirəm ki, mən onlara kömək üçün nə edə bilərəm?! Altı ay, bir il, elə uşaq var ki, dörd ildir burada yaşayır. Elə uşaq var ki, daimi qəyyumluğumdadır. O uşaqlar burada qalırlar. Onlar sığınacağın yox, bu evin uşaqlarıdır.

Heç vaxt demirlər sığınacağa gedək, deyirlər ki, evə gedək. Məktəbdə onlardan soruşanda harada yaşayırsınız? Əlləri ilə evimiz buradadır deyə göstərirlər. Uşaqlardan biri İİV (İnsanda İmmunçatışmazlığı Virusu) xəstəsidir. Mən onu heç yerə verə bilmərəm axı. Onun üzərində xüsusi nəzarətimiz var, sağlamlığına ciddi nəzarət olunur.

– İndiyə kimi qəyyumluğunuzda  neçə uşaq olub?

– 12 il ərzində qəyyumluğumda 50-yə yaxın uşaq olub. İndi isə 12 nəfərdir. Onlardan biri də Uğurdur. Mənə çox vaxt sual verilir ki, niyə paylaşımlarınızın çoxu Uğurladır. Cəmiyyətdə bununla bağlı qıcıq da yarandı. İddia olundu ki, o, mənim öz uşağımdır, Uğur mənim bioloji oğlum deyil, onu övladlığa götürmək istəyirəm, hazırda sənədləşmə işləri gedir.

ÇıxışYolu.Com - Kəmalə Ağazadə: Nömrəmi uşaqların cibinə qoyurdum, zəng gəlirdi ki, neçəyə çıxırsan?

O ölümə məhkum olunmuş uşaq idi. Onu sevgi, qayğı ilə həyata qaytardıq. Mən uşaq övladlığa götürməklə tək özümü yox, cəmiyyəti buna hazırlayıram. Bu gün Azərbaycanda xoşagəlməz tendensiya var ki, biz uşaq götürmək istəyiriksə, bu, körpə uşaq olmalıdır. Bəs 6, 7, 10 yaşlı uşaqlar nə olsun? Onlar da ailə istəyir.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Edvard Karvardi sığınacağa gəlmişdi. Biz müzakirə etdik ki, Azərbaycanda qəyyumluq var, amma himayədar ailələr yoxdur. Biz bunun üzərində işləsək, daha yaxşı olar. Bu modeli ölkəmizdə  inkişaf etdirməliyik. Kiçik tipli ailə mərkəzləri, Günərzi mərkəzlər yaratmaq olar. 

– Azərbaycanda uşaq hüquqları ilə bağlı qanunda boşluqlar var. Bu mexanizmin işləməsi üçün nə lazımdır?

– Qanunvericilik mükəmməldir. Qanunu işlədəcək mexanizmlər yetərincə deyil. Azərbaycanda sosial iş institutu tez bir zamanda formalaşmalıdır. Sosial işçi çox önəmlidir, insanlara problemlərdən çıxmaqda kömək edir. Qanunun işləkliyi üçün dövlət qurumları və QHT-lər birlikdə çalışmalıdır.

ÇıxışYolu.Com - Kəmalə Ağazadə: Nömrəmi uşaqların cibinə qoyurdum, zəng gəlirdi ki, neçəyə çıxırsan?

– Sizə sosial şəbəkələrdən zorakılıq, şiddətlə bağlı müraciətlər olurmu?

– Hər gün “Instagram”da 100-170 mesaj alıram. Onun 70-i tanışlıq mesajıdır, 100-ü isə “kömək edin” cümləsi ilə başlayır. Burada şiddət, zorakılıq və digər problemlər öz əksini tapır.

– Hər uşaq fərqlidir. Təbii ki, onlarla işləmək asan deyil. Reabilitasiya zamanı hansı faktlar aşkarlanır?

– Reabilitasiya aparmaq çox çətindir. Buraya gələnlərin əksəriyyətinin ağzından ancaq küçə söyüşü çıxır. Gəl, indi onu dəyiş. Reabilitasiya aparanda işdən nələr-nələr çıxır. 13-14 yaşlı qız illər boyu anasının içki məclislərini, sevgi macəralarını görübsə, ananın sevgililərinin buna qarşı seksual hərəkətləri, aldığı travmalar olur. Uşaqları bu vəziyyətdən çıxarmaq üçün aylarla vaxt lazım gəlir. 

– Sığınacaq ətrafında da söz-söhbətlər səngimir…

– 12 ildir sığınacağı “partlatmaq” istəyənlər çoxdur. Bu cəhdlər bəzi QHT-lər, buradakı uşaqların tanışları və elə öz daxilimizdən də oldu. Amma buranı “partlada” bilmədilər. Bilməzdim ki, bu təşkilatın ətrafında bu qədər marağı olan insanlar var. Burada rəqabət olmalıdır, düşmənçilik yox. Təəssüf ki, bizdə sadəcə düşmənçilik olur.

ÇıxışYolu.Com - Kəmalə Ağazadə: Nömrəmi uşaqların cibinə qoyurdum, zəng gəlirdi ki, neçəyə çıxırsan?

– Kəmalə xanım, bir müddət əvvəl sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda sizin adınız insan alverində hallandı və qadınları aborta məcbur etdiyiniz barədə yazılar yer aldı. 

– Mən 10 il Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində xidmət rəisi işləmişəm. İnsan alveri sözü bir  çoxlarında artıq qıcıq yaradırdı.

Burada qalan uşaqların məhkəmə işi var idi. Seksual xarakterli hərəkətlərə məcbur etmə maddəsi ilə bağlı məhkəmələr olurdu, təbii ki, qarşı tərəf başladı ki, mən qızları müştəriyə çıxarıram, istifadə edirəm. Deyəcəkdilər də. Məgər məni sığallamalı idilər? Mən bilmirəm ki, zərərçəkəni müdafiə edəndə 15 nəfər qarşı çıxacaq? Normaldır. İş varsa, söz-söhbət də çıxacaq. Bunu edənlərin məqsədi məni gözdən salıb, işimə yiyələnmək idi. Burada yiyələnəcək nə var axı?

Gəlin, işləyin, amma kimisə nüfuzdan salmağa çalışmayın. Biz problemləri açdıqca, bizə qıcıq olanlar artır. Bütün polis bölmələri ilə əməkdaşlığımız var. Mənə deyirlər ki, Kəmalə polisə işləyir. Kəmalə polisə yox, polislə işləyir. Bəs bu uşaqların hüquqlarını kim qoruyacaq?

Psixoloq gəlib mənə deyir ki, bu uşağın testlərində ona qarşı seksual hərəkətlər aşkara çıxıb. Mən onu araşdırmamalıyam? Təbii ki, araşdırmalıyam. O uşaqlar mənim bu sığınacaqdakı sevimlilərimdirlər.

ÇıxışYolu.Com - Kəmalə Ağazadə: Nömrəmi uşaqların cibinə qoyurdum, zəng gəlirdi ki, neçəyə çıxırsan?

– Hazırda nə qədər uşaq qalır burada? İl ərzində nə qədər uşaq müraciət edir?

– İl ərzində 170-200 arası uşaq olur. 35 uşaq, üç valideyn qalır.

– Uşaqlar bir-biri il necə yola gedir?

– Aralarında qəribə bağlılıq var. Hamısı bir-birinə bacı-qardaş deyirlər. Dalaşsalar da, tez barışırlar. Buraya təzə uşaq gəlirsə, həmin gecə mən burada qalıram. Çünki onun ilk ünsiyyət qurduğu insan mənəm.

– Dediyiniz kimi, bu sığınacaq cəmiyyətin dəhşətlərinin toplaşdığı yerdir…

– Elədir. Altı yaşında bir uşağa məhkəmədə hakim sual verəndə ki, ata neçə dəfə elədi? Uşaq barmaqlarını bükür və atasının ona etdiyi seksual hərəkətin sayın göstərirsə, bu, faciədir. Kütləvi hal deyil, amma mənim üçün bir hal da olsa, o, faciədir. Buna görə də bu sığınacaq cəmiyyətin dəhşətlərinin toplaşdığı yerdir.

– Bir neçə il əvvəl “körpə qutuları” (“baby box”) (bir çox ölkələrdə doğum evlərində “baby box” yerləşdirilir və ana yeni doğulan uşağını istəmirsə, körpəni qutuya qoyur. Uşağı qutuya yerləşdirən kimi işıqlandırma və isitmə sistemi işə düşür. Həmin vaxt valideynə qərarından dönməsi üçün 30 saniyə vaxt verilir. Qərarı dəyişmirsə, qutu bağlanır. Siqnal çalınır və doğum evinin işçiləri uşağı oradan götürürlər. Uşağını atan ananın kimliyi gizli saxlanılır) təklifini vermişdiniz. Məsələ ilə bağlı yeni xəbər varmı?

– O təklif hələ qalıb. Bildirildi ki, Azərbaycanda il ərzində o qədər uşaq atılmır ki, “körpə qutuları” (“baby box”)  yaradılsın. İl ərzində körpələr evində 70-80 uşaq qoyulur, onların da əksəriyyəti xəstə uşaqlardır. Bu gün tək anaların problemləri həll edilməlidir.  Aliment problemi həll edilməli, ən azından peşə təhsili almalıdırlar. Onlarla iş aparıb, kömək göstərmək lazımdır.

İlhamə Əbülfət

FOTO: Ramil Zeynalov