ÇıxışYolu.Com – Karateçilərimiz Avropa Oyunlarında

Baxış sayı: 2. 314 dəfə baxılıb.

ÇıxışYolu.Com - Karateçilərimiz Avropa Oyunlarında

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları start götürüb.

ÇıxışYolu.Com-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, əvvəlcə kata yarışları başlayıb.

Azərbaycan idmançısı Roman Heydərov da tatami üzərinə çıxıb. İlkin mərhələdə B qrupunda çıxış edən karateçimiz 24,63 xalla üçüncü olub. O, bu nəticə ilə turu adlaya bilib.

Təsnifat mərhələsində B qrupunda yer alan R.Heydərov 25,40 nəticə göstərib. Qrupda sonuncu olan təmsilçimiz bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb.

O, üçüncülük uğrunda qarşılaşmada almaniyalı İlya Smorqunerlə görüşəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Kumite yarışlarında isə ukraynalı legionerimiz İrina Zaretskaya (-68 kq) yer aldığı A qrupunda fransalı və slovakiyalı rəqiblərini müvafiq olaraq 7:2 və 6:0 hesabı ilə məğlub edib. O, italiyalı rəqibi ilə 0:0-lıq bərabərliyə razılaşıb. Beləliklə, idmançımız iki qələbə və bir heç-heçə ilə yarımfinala adlayıb. İrinanın yarımfinaldakı rəqibi həmyerlisi Qalina Melnik olacaq.

Asiman Qurbanlı (-84 kq) da bu gün kumite yarışlarında qüvvəsini sınayacaq. O, A qrupunda holland, alman və türk rəqibi ilə qarşılaşacaq. 

Qeyd edək ki, Nuranə Əliyeva (-50 kq), Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Rafael Ağayev (-75 kq) isə sabah tatamiyə çıxacaqlar. Karateçilər Minskin “Çijovka Arena” kompleksində yarışacaq. 8 idmançı iki qrupa bölünərək ilk pillələr uğrunda döyüşəcək. Hər qrupdan iki ən güclü karateçi yarımfinalda qarşılaşacaq.

Səbuhi Musayev