Honduras çempionatının “Olimpia” – “Motaqva” oyunundan əvvəl kütləvi dava düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, Hondurasın paytaxtı Tequsiqalpanı təmsil edən hər iki komandanın oyunundan əvvəl azarkeşlər arasında iğtişaş yaşanıb.
Belə ki, “Olimpia”nın fanatları “Motaqva”nı stadiona aparan avtobusa daş atıb və üç futbolçunu yaralayıb. “Seltik”in sabiq futbolçusu Emilyo İsaqire gözündən zədə alıb. Həmçinin paraqvaylı Roberto Moreyra ilə argentinalı Xonatan Ruqye şüşə parçaları ilə yaralanıblar.
Sürücü Markos Kastelyanosun sözlərinə görə, 250-yə yaxın adam butulkalarla avtobusa hücum edib. Bu səbəbdən Milli Liqa və polis oyunun keçirilməsini təxirə salıb. Ancaq komandaların fanatları stadion ətrafında və daxildə dava etməyə başlayıb.
Hətta polisin gözyaşardıcı qazdan istifadəsinə qədər stadionda güllə səsləri eşidilib. Nəticədə üç nəfər yerindəcə həyatını itirib, dördüncü isə xəstəxanada dünyasını dəyişib.
“Olimpia”nın prezidenti Rafael Vilyeda fanatlardan futbola zərər verən bu hərəkətləri dayandırmağa çağırıb.
Qeyd edək ki, əvvəllər də bu derbi vaxtı belə xoşagəlməz hallar yaşanıb.
Səbuhi Musayev