Artıq məlum olduğu kimi, “Planet Parni iz Baku” KVN teatrı bu il üçün yeni konsertini verməyə hazırlaşır.
ÇıxışYolu.Com xəbər verir ki, “Nataşa, mı prişla!” adlı konsertin hazırlıqları Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilir.
Biz həmin hazırlıqlarla maraqlanmaq üçün adıçəkilən məkana yollandıq. Orada olanda konsertin əsas səhnəsi olan “Nataşa, mı prişla!” oynanılırdı. İzlədiyimiz səhnə azərbaycanlıların Nataşanı Fedota (Fəxrəddin) almaq üçün Rusiyada elçilikdə olmasından bəhs edir. Gülməli məqamlarla zəngin səhnənin məşqləri bir saat çəkdi.
Teatrın bədii rəhbəri Tahir İmanovun sözlərinə görə, artıq dördüncü həftədir ki, hazırlıqlar gedir:
“Plan üzrə məşq keçirik. Səhnələrin sayı böyüdükcə, məşqlərin vaxtı da artır. Konsertin 80 faizini artıq məşq etmişik. Sizin izlədiyiniz səhnə sonuncusudur. Bu, böyük səhnə olduğundan, hər gün hissə-hissə məşq edirik. Gördüyünüz bu səhnədən sonra Nataşa peyda olacaq”.
Düzdür, biz həmin Nataşanı görə bilmədik. Bildiyimizə görə, bu rolun ifaçısı ilk dəfə “Planet Parni iz Baku” KVN teatrının səhnəsində yer alacaq. Amma Tahir bəy bildirir ki, onu görmək üçün aprelin 19-da konsertə gəlib baxmaq lazımdır.
Xatırladaq ki, “Nataşa, mı prişla!” adlı konsert 19, 20, 21 və 22 apreldə keçiriləcək. Konsert Heydər Əliyev Sarayında baş tutacaq.
Səbuhi MUSAYEV
FOTO/VİDEO: Orxan HÜSEYNZADƏ