Lənkəranda itkin düşən 6 yaşlı oğlan tapılıb.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Lənkəran rayonunun Horavenc kənd sakini, 6 yaşlı Muradov Əli Nurəddin oğlu bu gün günorta saat 1-2 radələrində Bəleton kəndindəki məktəbdən qayıdarkən azaraq meşəlik ərazidə 10 km-dən çox yol gedib.
Bir neçə müddətdən sonra övladının itkin düşdüyünü yəqin edən valideyn axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verib.
Dərhal FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin və Rayon polis şöbəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri, könüllülər də axtarışlara cəlb olunublar.
Axtarış-xilasetmə tədbirləri nəticəsində Ə.Muradov Havzava kəndi ərazisində, dağ massivində tapılıb.
Çağırılmış həkim briqadasının müayinəsindən sonra uşağı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Onun səhhətində ciddi problem olmadığı bildirilir.
Rövşən Mövlan
00:54
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Lənkəran şəhərinin Bəliton kəndində 2013-cü il təvəllüdlü Muradov Əli Nurəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin və Rayon polis şöbəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri, könüllülər də axtarışlara cəlb olunublar.
Axtarış-xilasetmə tədbirləri nəticəsində Muradov Əli Nurəddin oğlu “Hirkan Milli Parkı” yaxınlığında meşəlik ərazidə tapılıb.
Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.