ÇıxışYolu.Com - Lerikdə dünyada bənzəri olmayan muzey əcnəbilərin böyük marağına səbəb olur

ÇıxışYolu.Com – Lerikdə dünyada bənzəri olmayan muzey əcnəbilərin böyük marağına səbəb olur

Baxış sayı: 2. 793 dəfə baxılıb.

ÇıxışYolu.Com - Lerikdə dünyada bənzəri olmayan muzey əcnəbilərin böyük marağına səbəb olur

Sizə dünyada oxşarı olmayan bir muzeydən danışacağıq. Adı hər nə qədər eşidənlərin təəccübünə səbəb olsa da, uzunömürlülərin diyarı Lerikdə uzun ömür sürənlərin muzeyinin olması heç də qeyri-adi deyil.

Təbii nemətləri, əsrarəngiz mənzərələri, səfalı təbiəti ilə ad çıxaran Lerik rayonunda  insan özünü gümrah, sağlam hiss edir. Elə bunun nəticəsidir ki, bura həm də uzunömürlülər diyarı kimi tanınır. Hazırda rayonun yaşı 100-ü keçmiş 10-dən çox sakini var. 1991-ci ildə rayonda dünyada ilk olan Uzunömürlülər muzeyi yaradılıb. Muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox Lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alıb.  
Uzunömürlülər muzeyinin direktoru Dilarə Fətullayeva muzeyə yerli turistlərlə yanaşı,  çoxlu sayda xarici qonaqların da gəldiyini deyir. Muzeydə İordaniyanın, İsrailin, Belçikanın və Fransanın səfirləri qonaq olublar. Bunlardan başqa, Rusiya, Türkiyə, Ukrayna və Almaniyadan gələnlər də çox olur. Onları heyran edən buranın sakinlərinin milli geyimləri, adət-ənənlərə bağlılığı və təbii qidalara üstünlük vermələridir.

Uzunömürlülər müzeyində yaşlı insanlara məxsus olan etnoqrafik materiallar, yaşadıqları dövrə aid tarixi əşyalar, həm də üzunömürlü insanların kənd təsərüfatında işlətdiyi alətlər, şəxsi əşyaları, əl işləri saxlanılır. Muzeyə tez-tez ziyarətə gələn yeniyetmə və gənclər də sağlam həyat sürməyin və uzunömürlü olmağın sirlərini öyrənirlər.

Qeyd edək ki, planetimizin ən yaşlı sakini –  168 il yaşamış Şirəli Müslümovdan sonra ən uzunömürlü leriklilər Pirəsora kənd sakini Mahmud Eyvazov 150 il,  Cəngəmiran kənd sakini Qızıl Quliyeva 134 il ömür sürüb.

Rövşən Mövlan