Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən klinikanın sabiq işçiləri – baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.
Xatırladaq ki, prokuror çıxışında Ş.Abbasovanın doqquz il, Y.Abdullayevanın iki il, S.Qasımova, Aytən Hüseynova və Mədinə Hüseyevanın isə hər birinin beş il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs olunmasını istəmişdi.
İttihama görə, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Ekspertiza rəyinə əsasən, zərərçəkmişə 56 min manat ziyan dəyib. Onlar məhkəmə istintaqı dövründə dəymiş ziyanı ödəyiblər.
İstintaq zamanı təqsirləndirilən şəxslərin barəsində həbs-qətimkan tədbiri seçilməmişdi.