Karyeramda Azərbaycanda aldığım məğlubiyyət məni daha çox incidib.
ÇıxışYolu.Com xəbər verir ki, bunu ingiltərəli məşhur peşəkar boksçu Entoni Coşua deyib.
Dekabrın 7-də Səudiyyə Ərəbistanının Diriyə şəhərində WBA (Super), IBF, WBO və IBO təşkilatlarının birgə dünya kəməri uğrunda görüş olacaq. Bu ilin iyunun 1-də Nyu-Yorkda amerikalı boksçu Endi Ruisə yeddinci raundda uduzmuş Coşua bu dəfə kəməri qaytarmaq üçün 12 raundluq revanş görüşünə çıxacaq.
Lakin 30 yaşlı Coşua iyunda Ruisdən aldığı məğlubiyyətin (keçirdiyi 23 peşəkar boks döyüşündə ilk yenilgisi olub – S.M.) ona o qədər də çox təsir etmədiyini bildirib. O qeyd edib ki, 2011-ci ildə Bakıda keçirilən həvəskar boks üzrə dünya çempionatının finalında Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidova uduzması ona daha çox təsir edib:
“Niyə Nyu-Yorkda uduzduğumu bilmirəm. Ancaq Azərbaycandakı məğlubiyyət mənə daha çox təsir edib. Ruisi isə mən dekabrda məğlub edəcəyəm”.
Qeyd edək ki, Məhəmmədrəsul Məcidov ilk dünya çempionluğunu məhz Entoni Coşua üzərində çaldığı qələbə ilə qazanıb. O, hakimlərin qərarına əsasən 22:21 hesabı ilə qalib elan olunub. Azərbaycan Prezidenti İlham Əliyev qızıl medalı şəxsən Məcidovun boynundan asıb.
Yeri gəlmişkən, daha əvvəl qeyd etdiyimiz kimi, Endi Ruis – Entoni Coşua döyüş gecəsində həvəskar boks üzrə Olimpiya mükafatçımız, üçqat dünya və Avropa çempionumuz Məhəmmədrəsul Məcidovun da ikinci görüşünə çıxacağı gözlənilir. O, ingiltərəli Tom Litlla məhz Diriyə Arenasında qarşılaşacaq.
Səbuhi Musayev