Baxdıqca-baxılan, reytinqləri alt-üst edən, ölkənin ən bahalı telelayihəsi “Maşın” realiti-şousunun “Maskarad” adlı sürətinin ikinci final günü start götürüb.
ÇıxışYolu.Com xəbər verir ki, şounun final mərhələsi iki məşhur aparıcı – Lalə Mustafayeva və Suna Kasımoğlu ilə davam edir. Hər iki məşhur gözlərindəki yorğunluğu eynək altında gizlətsələr də, ümumi vəziyyətlərinin normal olduğunu özləri canlı yayımda şounun aparıcısı, Xalq artisti Murad Dadaşovla söhbətlərində dilə gətiriblər.
Müğənni Ramal İsrafilovun əlini avtomobilin üzərindən götürərək getməsini hər iki iştirakçı çox sakit qəbul edib. Onların soyuq reaksiya nümayiş etdirməsi gözdən qaçmayıb. Hər iki xanım iştirakçının getdikcə həm dözümü azalır, həm də gücü tükənir. Kimin qalib gələcəyi isə yaxın saatlarda bəlli olacaq.
Qalibin kimliyi sabah axşam saat 22:00-da ATV-nin canlı efirində açıqlanacaq.
Şounun bitməsinə az qaldıqca, oyunun şərtləri daha da mürəkkəbləşir. Belə ki, şounun qaydalarına əsasən, iki xanım iştirakçının hər biri ayrı-ayrılıqda avtomobilin yanından ayrıla bilmirlər. Hər iki xanımın avtomobildən ayrılıb, təbii ehtiyaclarını ödəmək kimi imkanları artıq yoxdur. İştirakçılar yalnız xüsusi səs işarəsindən sonra iki saatdan bir əlini digər ilə əvəz edə bilirlər. Hətta əli maşından sürüşdürmək qəti qadağandır. Bununla yanaşı, bu gündən etibarən iştirakçıların avtomobilə söykənmələri də yasaqlanır.
Bunlara rəğmən, oyunçular ürəkləri istəyən qədər su və qida ilə təmin olunurlar. İştirakçıların səhhətinə 24 saat ərzində təcili tibbi yardımın peşəkar həkimləri tərəfindən nəzarət olunur. Sağlamlığında problem yaranan iştirakçı dərhal şoudan uzaqlaşdırılacaq.
Qeyd edək ki, ötən gecə müğənni Ramal İsrafilov şounu öz xoşu ilə tərk edib.
Rəşad Əliyev