ÇıxışYolu.Com - “Maşın”ın qalibi Suna Kasımoğlu: Udduğum avtomobildə Lalə ilə Fatmanın gözü qaldı

ÇıxışYolu.Com – “Maşın”ın qalibi Suna Kasımoğlu: Udduğum avtomobildə Lalə ilə Fatmanın gözü qaldı

Baxış sayı: 2. 012 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Maşın”ın qalibi Suna Kasımoğlu: Udduğum avtomobildə Lalə ilə Fatmanın gözü qaldı

Ölkənin baxdıqca baxılan və ən bahalı realiti-şousu “Maşın”ın qalibi 16 ildir Azərbaycanda yaşayan, 48 yaşlı Türkiyə vətəndaşı, aparıcı Suna Kasımoğlu olub. Şou bitsə də, “Maşın” ətrafında söz-söhbətlər bitmir, tükənmir. Bir çox tamaşaçılar 18 məşhur iştirakçının sırasında olan Sunanın gərgin və mübarizə dolu şouda necə qalib gəlməsini hələdə müzakirə edir.

Şouda gizli qalan məqamları gün üzünə çıxartmaq üçün ÇıxışYolu.Com-ın əməkdaşı “Maşın”ın qalibi Suna Kasımoğlunun evində qonaq olub.

– Necə oldu Suna baş verən qalmaqalların, intriqaların və gizli oyunların içində finala çıxıb, “Maşın”dan avtomobillə ayrıldı?

– “Maşın”şouya dəvət aldım. Qalib olacağıma inanırdım. Udmasaydım da bu şounun bir oyun olduğunu bilirdim. Ordakı bütün iştirakçılara da deyirdim ki, bu bir yarışmadır. Özünüzü burada elə aparın ki, çöldə bir-birinizə baxmağa üzünüz olsun. Onların ən böyük səhvi oyundan kənardakı savaşlarını “Maşın”a daşımalarıdır. Məsələn, Ayanla Fuad arasına olanlar ailəvi məsələ idi, Nazimlə Kərimin isə bundan öncə aralarında qalmaqal olub. Amma onlar başa düşmədilər ki, bu oyundur, çöldəki münasibətlərini oyuna qarışdırmamalıdırlar. Ona gərə də ilk gündən hədəf oldular. Hədəf olduqları üçün hamı bir-birinin quyusunu qaza-qaza elə o quyuya özləri düşdülər. Çünki, oyunda düzgün taktika qurmadılar. Bütün bunlar isə mənim işimi daha da asanlaşdırdı.

Mən öz-özlüyümdə prinsipial qadın deyiləm. Amma həyatda nəyə əlimi atdımsa, onun öhdəsindən gəldim. Çünki 18 məşhur iştirakçıdan biri mən idim və 18-likdə bir şansım var idi. Niyə “Maşın”ın qalibi mən olmayım? Amma hər keçən gün “qalib olmaq” fikri mənim beynimə daha da dərin oturdu. Onların oyunlarını, psixoloji durumlarını diqqətlə izləyirdim. Bunları görəndə bir daha əmin olurdum ki, avtomobili udacağam.

– Qızğın oyunda bir tək səsini çıxartmayan siz idiniz. Digər iştirakçılar bir-biri ilə savaşıb, gizli oyunlar aparırdılar. Söylədikləri hər kəlmə onların xeyrinə deyil, ziyanına işləyirdi desək heç də yanılmarıq. Sunanın gözü ilə oyunda kimlər səhv, kimlər isə düz oyun oynadı?

– Oyunda iştirakçılar azaldıqca mən də onların hədəflərinin arasına daxil oldum. Məni də danışmağa vadar etdilər. Şouda iştirakçıların bir-birinə olan münasibətlərini, baxışlarını beynimdə analiz edirdim. Məsələn elə bir baxışlar var idi ki, axşam kimin şəklini qutuya atmasını artıq öncədən bilirdim. Orada oyununa ən çox güldüyüm Aqşin oldu. Çünki o, canlı efirdə doqquz nəfərdən ibarət qrupda olduğunu söylədi. Bir qrupda doqquz nəfər olmaq nə deməkdir? Əminəm ki, onun bu açıqlaması nəyinki məni, eləcə də bütün tamaşaçıların üzünü güldürdü. Aqşinin oyunda apardığı strategiya da düzgün deyil idi. Ona görə mən heç bir qruplaşmaya girmədim.

Kəmalə Piriyeva heç bir qrupa girməsə də, oyunda tək mübarizə aparırdı. Bunu çox gözəl və ağıllı şəkildə edirdi. Zümrüdlə mən eyni strategiyanı aparırdıq. İki nəfər olanda artıq bunun adı qrupdur. Çox istərdim, Kəmalə ilə finala qalım. O, yalvaran bir qız deyil idi. Kəmalə ilə sona kimi qalsaydıq, yənə də mən udacaqdım. Çünki həm fiziki, həm də mənəvi cəhətdən çox güclüyəm. Heç nədən asılı olmayaraq, əlimi avtomobildən çəkməyəcəkdim. Amma Kəmalə ilə oyundan qucaqlaşaraq ayrılacaqdım.

Xalq artisti Fatma Mahmudova çox maska taxırdı. Oyunda heç bir zaman heç kimin hədəfi olmadı. Fatma xanımı çıxartmaq böyük bir nifrət qazanmaqdır. Çünki insanlar deyəcək ki, şouda o qədər adam var, sən bu yaşlı, ayağında problemi olan qadının şəklini niyə qutuya atdın. Fatma xanım oyunda tez-tez yaşlı və ayağında problemiinin olduğunu deyirdi. Bunu durmadan təkrarlayırdı. Özünü bu sözlərlə aciz kimi qələmə verdi. Ona görə də iştirakçılar onu hədəfə almaqdan vaz keçdilər. Hamı istərdi ki, son üçlüyə qalsın. Amma Fatma xanım son üçlüyə heç vaxt qala bilməzdi.

– Finalda həmkarınız Lalə Mustafayeva ilə ikilikdə qalanda aranızda xoşagəlməz söhbətlər oldu. Suna ilə Lalə bir tək avtomobili bölə bilmədi, yoxsa bizim bilmədiyimiz gizli məsələr var?

Lalə şouda yanlış oyun nümayiş etdirdi. Sonra da diqqətlə onun oyununu nəzərdən keçirəndə anladım ki, Lalə səhv oynamadı. Lalənin psixologiyası o qədər tab gətirə bildi. O özünə gəldikdə gecə mənə söylədiklərinə peşman olacaq. Finalda Lalə ilə ikiliyə qaldığımıza çox üzüldüm. Çünki onun pis günə qalacağını bilirdim. Çünki Lalə ilk gündən yalvarmağa başladı. Mən ona çox əsəbləşdim. Dedim ki, mən Türkiyənin türk qadınlarını qarşıma aldım. Ona “Lalə etmə belə. Sən Azərbaycan qadınısan. Yalvarma! Dayan!  Burnundan, ayaqlarından qan gəlsə də dayan. Sonda isə əlimi sıx və belə get” söylədim. Lalə yaxşı insandır, amma xarakter olaraq zəifdir, güclü deyil. O güclü xarakterə malik olsaydı, mən qalib gəldikdən sonra yaxınlaşıb təbrik edərdi.  

– Sizin oyunda 60 saat yatmadan ayaq üstə qalmağınız izləyicilərin təəccübünə səbəb oldu. Şou bitdikdən sonra sizi “dopinq”dən istifadə etməkdə günahlandırdılar. Suna avtomobili “dopinq” yolu ilə əldə edib?

– 48 yaşında bir qadının 60 saat ayaq üstə qalması izləyicilər tərəfindən birmənalı qarşılanmadı. Hamının ağlına “dopinq”dən istifadə etməyim gəldi. Mənim “dopinq”im sağlam qidalanmağım, özümü öncədən oyuna hazırlamağım, idman etməyim, sağlam ağla malik olmağım və pozitiv düşünməyimdir. Oyunda hər zaman udacağımı düşündüm. O məkanı bir “cənnət” kimi düşünüb, gördüm.

– “Maşın” şounun qalibi olduz. 17 məşhurdan kimlər sizi təbrik etmədi?

– Aralarında təbrik etməyənlər oldu. Çıxıb getdilər. Məsələn, müğənni Kərim Abbasov mənə yaxın gəlmədi. Səbəbini özüm də bilmirəm. Ayan Babakişiyeva da təbrik etməyənlər sırasında oldu. Eyni ilə Lalə Mustafayeva kimi. 

– Udduğunuz avtomobildə kimin gözü qaldı?

– Lalənin, Fatma xanımın avtomobildə gözü qaldı.

Rəşad Əliyev