Məşhur futbolçu, Əslən Qanadan olan, hazırda paytaxtın “Səbail” klubunun şərəfini qoruyan Maykl Esyen öz Instagram səhifəsində maraqlı paylaşım edib. O Bakını sevdiyini və bakılıların çox mehriban olduğunu dilə gətirib.
“Mən 3 aydır burada yaşayıram və ətrafım çox gözəldir. Bakılılar çox mehribandırlar. Bu şəhəri çox sevirəm. İrəli “Çelsi”. Mən bütün “Çelsi” fanatlarını Bakıya dəvət edirəm”.
Xatırladaq ki, Qana millisinin heyətində 58 oyuna doqquz qol vurmuş yarımmüdafiəçi azad agent statusuna malik idi.
Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb.
Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.
O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək.