Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov Almaniya 3-cü Liqasında “Münhen 1860”la qarşılaşmada təkcə qolla yadda qalmayıb.
Matçın 30-cu dəqiqəsində qələbə qolunun müəllifi olan forvard rəqibin bir futbolçusuna da ciddi xəsarət yetirib.
Belə ki, qarşılaşmanın 77-ci dəqiqəsində hava mübarizəsi zamanı mərkəz müdafiəçisi Zimon Lorentsə dirsəklə vuran 28 yaşlı oyunçu sarı vərəqə ilə cəzalandırılıb.
Həmin vaxt həkim müdaxiləsindən sonra oyunu davam etdirən Lorentsin isə müayinə zamanı burnunun qırıldığı aşkarlanıb.
Həmçinin, 22 yaşlı futbolçunun gözünün altı da əzilib. Bununla belə, Lorents növbəti oyuna çıxa biləcək. O, xüsusi maskadan istifadə edəcək.
Qeyd edək ki, Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” klubu 33 oyundan sonra 45 xalla 7-ci pillədə qərarlaşıb.