Bu ay Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş boks üzrə dünya çempionatı zamanı dava salanlar ictimai işə cəlb olunacaq.
Bu barədə TASS-a Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlev deyib.
Sentyabrın 19-dan 20-nə keçən gecə saat 3 radələrində “Hyatt” hotelində məskunlaşmış rusiyalı boksçular arasında dava düşüb. Daha sonra hotel işçiləri davanı sakitləşdirmək üçün Rusiya Qvardiyasının nümayəndələrini çağırıb.
Boksçular dəbilqə və qoruyucu təhlükəsizlik geyimində hotelə gəlmiş Rosqvardiyaçılarla da dalaşıb. Qvardiyaçılarla dalaşanlar arasında ən aktivləri Tatarıstan Boks Federasiyasından Vladislav Nosovets və Dağıstan yığmasının məşqçisi Şamil Pirnayev olub.
Umar Kremlev isə bu məsələyə aydınlıq gətirərək bildirib ki, komandaların qaldığı hoteldə sərxoş vəziyyətdə olub dava salanlar artıq onlardan üzr istəyib. Bununla belə, adları açıqlanmayan həmin günahkarlar intizam işinə cəlb olunacaq.
Onlar bir ay könüllü əməyə cəlb ediləcək və bölgələrdəki boks zallarında xeyriyyə yardımı edəcəklər. Oxşar situasiya təkrarlanacağı halda, cəza bundan da sərt olacaq.
Люди из федерации бокса России…как они себя сами преподносят, во всяком случае pic.twitter.com/rnQIfQdErN
— Никита Камышев (@SkifFc) September 25, 2019
Qeyd edək ki, 7-21 sentyabr tarixlərində keçirilmiş bu dünya çempionatında Azərbaycanın səkkiz boksçusu da iştirak edib. Lakin yığmamız fiasko nəticə göstərərək vətənə medalsız qayıdıb.
Səbuhi Musayev