ÇıxışYolu.Com – Millimizin sabiq baş məşqçisi həbs olundu

Baxış sayı: 1. 934 dəfə baxılıb.

ÇıxışYolu.Com - Millimizin sabiq baş məşqçisi həbs olundu

Cüdo millimizin sabiq baş məşqçisi Peter Zayzenbaxer həbs olunub.

ÇıxışYolu.Com xəbər verir ki, Avstriya məhkəməsi keçmiş Olimpiya çempionunun beş il həbs olunmasına dair qərar verib.

Avstriyalı mütəxəssisin 90-cı illərin sonları-2000-ci illərin əvvəllərində məşqçilik etdiyi dönəmdə iki qıza qarşı cinsi zorakılıq etdiyi faktı sübuta yetirilib.

Həmin qızlardan birinin yaşı doqquz olub və bu zorakılıq bir neçə il müddətində davam edib. İkinci qızın isə zorlama faktı zamanı 13 yaşı olub. Üçüncü qız isə 16 yaşı olanda Xorvatiyada tətil düşərgəsində olduqları vaxt Zayzenbaxer tərəfindən zorlanmağa cəhd edildiyini deyib.

Hakim Kristof Bauer bu üç nəfərin “olduqca etibarlı” danışdığını bildirib:

“Biz bu üç nəfərin yalan danışdıqlarını, səhv etdiklərini və ya bir-birinə zidd olan fikirlər söylədiklərini müəyyənləşdirmədik”.

Onun barəsində 10 illik həbs qərarı gözlənilirdi. Bu üzdən tərəflərin apellyasiya müraciəti edəcəyi gözlənilir.

Vyana Prokurorluğu 2016-cı ilin dekabrında məhkəməyə gəlmədiyi üçün 59 yaşlı Zayzenbaxerin həbs olunmasına dair beynəlxalq qərar çıxarıb. O, İnterpoldan yeddi ay qaçıb. Qazaxıstan, ABŞ və BƏƏ-də axtarışda olsa, 2017-ci ilin avqustun 2-də Ukraynanın paytaxtı Kiyevdə tutulub və sentyabrın 12-də Avstriyaya təhvil verilib.

Qeyd edək ki, 1984-cü il Los-Anceles və 1988-ci il Seul Olimpiadasının qalibi olmuş Peter Zayzenbaxer iki dəfə Azərbaycanın kişi cüdo millisinin baş məşqçisi qismində işləyib. İkinci dəfə 2015-ci ilin sentyabrında millimizə baş məşqçi təyin olunmuş Zayzenbaxer işinin məhkəmədə olunduğu bilindikdən sonra 2017-ci ildə onunla müqaviləyə xitam verilib.

Səbuhi Musayev